NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Ömrünü Vətənin azadlığı naminə fəda etdi

...

Vaqif  Yaqub oğlu Rəcəbov

(23.02.1982-20.09.2023)

Vaqif ailənin ikinci övladı idi. Zəhmət çəkməkdən qorxmazdı, halal çörək qazanmağı çox sevərdi. Müsbət xasiyyətləri ilə ətrafındakıların sevimlisinə çevrilmişdi. Məsələn, o, heç zaman yalan danışmazdı. Yalanı sevməzdi. Bununla yanaşı, Vaqif dostcanlı, ədalətli və mehriban idi. Uşaqlıqdan çox dəcəl, şıltaq biri olsa da, ata-anasını sevən, sayan övlad idi. Pilot olmaq istəyirdi. Lakin yaşa dolduqca, böyüdükcə bu ülvi istəyi hərbçi olmaq arzusu ilə əvəzləndi. 7-ci sinifdə oxuyarkən qərar verdi ki, gələcək karyerasını hərbi sahədə sınayacaq, hərbçi olacaq. Naxçıvanda hərbi məktəbi oxuyub bitirdi. Hərbçi kimi ilk əmək fəaliyyətinə Naxçıvanda başladı. Daha sonra Gəncə şəhərindəki “N” hərbi hissədə xidmətini davam etdirdi. İşlədiyi dövrdə öz davranışı ilə kollektivin hörmətini qazanmışdı. Yoldaşları tərəfindən sevilirdi, sayılırdı. Onun da dərdi digər vətənpərvər övladlarımız kimi Qarabağ dərdi idi. Qarabağın azad edilməsini, xüsusən də Xocalı şəhərinin düşmən tapdağından xilas olmasını çox istəyirdi. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra qardaşı və mən Vaqifə zəng vurduq. Qələbə qazanmağımız münasibətilə ona gözaydınlığı verdik. Dedim ki, oğul, gözümüz aydın olsun, Qarabağımız azaddır. Ancaq Vaqifin danışığından hiss etdim ki, onun dərdi, kədəri hələ bitməyib, arzusu, muradı hasil olmayıb. Dedi ki, ay ana, ay qardaş, hələ Xocalıda, Xankəndidə düşmənlərimiz yaşayır. Bayrağımızı Xocalıya, Xankəndiyə sancmayınca mənə gözaydınlığı verməyin. Sonuncu dəfə qardaşı ilə danışıb. Vaqifin şəhadət xəbərini də qardaşına veriblər. O acı xəbəri oğlumun döyüş yoldaşı çatdırıb. Sentyabr ayının 20-si qardaşına zəng vururlar.

Bildirirlər ki, başın sağ olsun, qardaşın qəhrəmancasına şəhid oldu. Xəbəri alanda qardaşı inanmayıb. Ancaq rəsmi məlumat gəldikdən sonra əmin olub ki, Vaqif döyüşlərdə yaralanıb, ancaq qəlpə yarası almağına baxmayaraq döyüşüb, düşməni yaxına buraxmayıb. Silah-sursatı tükənəndə düşmən ona yaxınlaşa bilib. Döyüş yoldaşlarının dediyinə görə, mənfur düşmən onu başından vurub. 
Bu gün bütün şəhid ailələri kimi biz də dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşuq. Sağ olsun, dövlətimiz bizi heç zaman unutmur. Minnətdarlıq hissi ilə deyirəm ki, xalqımız ən ağır günümüzdə bizim yanımızda oldu. Şəhid ailələrindən dəstəyini əsirgəmədi. Bir sözlə, bu çətin günlərin öhdəsindən dövlətimizin və xalqımızın köməyi ilə gələ bildik. Bu gün Vaqifdən geriyə onun övladları qalıbdır. Onlar bizə, Vətənə, xalqımıza əmanətdir. İnanıram ki, nəvələrim də atalarının adına layiq övlad olacaqlar. Vətənlərini, millətlərini sevəcəklər. Şəhid övladı olmağın qüruru ilə böyüyüb, boya-başa çatacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin. Təki Vətən sağ olsun…
 

Nəşr edilib : 26.11.2024 22:35