NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Ölümün üzərinə gedənlər ölməzliyə qovuşdu

...

Həmin gündən, xalqımızın ayağa  qalxıb meydana çıxıb azadlıq harayını dünyaya saldığı yanvar hadisələrindən 36 il ötür. 1990-cı ilin 19-dan 20-nə keçən gecəsi xalqımızın azadlıq, müstəqillik və ləyaqət uğrunda apardığı mübarizənin zirvə nöqtəsidir. Həmin mübarizə bir daha  göstərdi ki, Azərbaycan xalqı zülmə boyun əymir, haqqı tapdandıqda susmur və Vətən naminə canından keçməyə hazırdır. Həmin gecə tankların, güllələrin qarşısına sinə gərənlər öz sonlarını düşünmədən meydana atıldılar. Vətən darda olanda qorxu bilməyən, ölümü gözə alaraq xalqına sahib çıxan insanlar şəhidlik zirvəsinə ucalmağı özlərinə şərəf bildilər. Onlar bir daha sübut etdilər ki, azadlıq asan qazanılmır, müstəqillik şəhid qanı ilə yoğrulur. O şanlı gecədə həmin meydanda tankların qarşısında əliyalın dayanan gənclər arasında  qədim Naxçıvanın  Şahbuz rayonunun Keçili kəndindən olan Teymur Alməmmədov da var idi. O, paytaxta təhsil almağa getmişdi. Anası oğlunu həkim görmək istəyirdi. Teymur çalışıb arzusuna çatmaq üçün universitetə qəbul olmuşdu. Teymur  gənc olmasına  baxmayaraq, mərdliyi, insanlara olan sevgisi və məsuliyyət hissi ilə seçilirdi. Xalqımızın azadlıq üçün meydana çıxdığı yanvar günlərində Teymur Alməmmədov yaralı insanlara yardım göstərərkən ağır yaralanır. Bir neçə gün ölüm-dirim mübarizəsi aparır və yanvarın 27-də şəhidlik zirvəsinə ucalır. Şəhidimiz yanvarın 29-da doğma Keçili kəndində böyük izdiham və ehtiramla dəfn olunur.  “O, həkim olmaq arzusuna çatmasa da, ən uca zirvəyə ucalıb ağxalatlı qəhrəman olaraq imdadına yetişdiyi insanların yaddaşında əbədi olaraq iz salmaqla yanaşı, xalqımızın azadlıq dastanında da yaşayır”, – deyir  şəhidimizin  bacısı Mələk Alməmmədova.
“1990-cı ilin o qanlı günlərində hər birimiz səhərlərimizi hüznlü, ağrılı xəbərlərlə açırdıq. Qardaşımdan uzun müddət xəbər ala bilmirdik. Bu nigarançılıq ailəmiz üçün ağır bir sınaq idi. Teymur hər zaman insanlara kömək etməyi özünə borc bilirdi. O, yaralıları gördükdə kənarda qala bilməzdi. Təhlükənin olduğunu bilirdi, amma geri çəkilmədi. Çünki Vətən və insanlıq onun üçün hər şeydən üstün idi. Millətimizin şəhidlərimizə olan hörmət və ehtiramı, bu milli ruh bu gün də yaşayır və əbədi yaşayacaq. Biz şəhidlərimizi təkcə ildönümlərində deyil, hər gün yad etməli, xatirələrini uca tutmalıyıq. Bu bizim həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur. Qarabağın azad edildiyini görmək, illərdir, ürəyimizdə daşıdığımız ağrının içində bir təsəlli, bir qürur hissi yaradır. 20 Yanvar şəhidləri azadlıq yolunun ilk qurbanları idi. Onlar sovet tanklarının qarşısında əliyalın dayanaraq xalqımızın sınmayan iradəsini, müstəqillik arzusunu bütün dünyaya nümayiş etdirdilər. Qardaşım da həmin müqəddəs yolun yolçusu oldu, canını Vətənin sabahı üçün fəda etdi. Aradan illər keçdi, amma şəhidlərin qanı yerdə qalmadı. 44 günlük Vətən müribəsində Azərbaycan Ordusu Qarabağı azad edərək tarix yazdı. Bu zəfər  20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının, bütün şəhidlərimizin ruhunun rahatlıq tapmasına səbəb oldu. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayraq onların arzularının gerçəkləşdiyini sübut edir. İnanıram ki, qardaşım başda olmaqla bütün şəhidlər bu zəfəri görür, ruhları şad olur”. 
Həmin gün o meydanda azadlıq arzusu ilə yanan onlarla ürək gülləyə tuş gəlib dayansa da, xalqımızın ürəyində yanan azadlıq alovu sönmədi. Bu alov 70 illik əsarət zəncirini əritdi. Həmin gecə o meydanda Vətənin azadlığı üçün can qurban edən  Teymur  kimi  qəhrəmanlar isə  xalqımızın qürur mənbəyinə çevrilib qəlbimizdə əbədi məşələ döndülər. 

Bülbül RÖVŞƏNQIZI
 

Nəşr edilib : 20.01.2026 17:08