NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Ölkədə ilk dəfə Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu keçirilib

...

SABAH qruplarına qəbul olan tələbələrlə görüşdə Naxçıvan Dövlət Universitetinin  rektoru Elbrus İsayev qeyd edib ki, SABAH qrupları layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktayabr tarixli Sərəncamı ilə təsis edilib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti üçün nəzərdə tutulmuş prioritet məsələlərdən biri universitetdə yeni məzmunlu proqramların (SABAH və sair) təşkilidir. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində  2024-2025-ci tədris ilindən etibarən Tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayıb. Bildirilib ki, Dövlət Proqramı əsasında istifadəyə verilməsi nəzərdə tutulan yüksək standartlara cavab verəcək Tibb kampusu SABAH qruplarının tələblərinə uyğun, peşəkar tibb kadrlarının hazırlanmasına öz töhfəsini verəcək. Diqqətə çatdırılıb ki, SABAH qruplarında tədrisin təşkili xüsusi tədris planı əsasında həyata keçiriləcək. Belə ki, dünyanın nüfuzlu, tibb sahəsi üzrə qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri əsasında peşəkar həkimlərin tədrisdə iştirakı nəzərdə tutulur, eyni zamanda tələbələrin digər ölkələrin universitet və klinikalarında təcrübələri təşkil ediləcək. Elbrus İsayev vurğulayıb ki, SABAH qrupları layihəsində ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadrlar hazırlanacaq. Bilidirlib ki, SABAH-ın tələbələri xarici mübadilə proqramlarında iştirak imkanı, müasir müəssisə və şirkətlərdə ixtisas təcrübəsi, tədrisin təşkilində mütərəqqi forma və metodlar, yataqxana və əlavə təqaüdlərdən istifadə imkanı əldə edəcəklər. 
Sonra Tibb ixtisası üzrə II kurs tələbəsi Şövkət Əlisoy tələbələr adından göstərilən diqqət və yaradılan fürsətlərə görə minnətdarlıq edib, gələcəkdə peşəkar kadr kimi formalaşıb tibb sahəsinə öz töhfələrini verəcəklərinə söz verib.  
Daha sonra tanınmış cərrah Cəfər Quliyevin görkəmli onkoloq alim, akademik Rəhim Rəhimova həsr etdiyi “Ordubaddan doğan günəş” kitabı tələbələrə hədiyyə olunub.  
Qeyd edək ki, SABAH qruplarına imtahanlar test və müsahibə mərhələsi  olmaqla, iki istiqamətdə həyata keçirilib. Ən yüksək bal toplayan 21 nəfər layihədə iştirak etmək şansı əldə edib. Həmçinin SABAH qruplarında dərs tədris edəcək müəllimlərdə müvafiq fənlər və ixtisaslar üzrə  müsahibə mərhələsindən keçərək  layihədə iştirak etmək hüququ əldə ediblər.

Nəşr edilib : 17.09.2024 16:25