NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Niyə və hara tələsirik?!

...

Dünən Ordubad-Culfa magistral yolunda baş verən qəzadan xəbərdar olduq. Bir qadının ölümü ilə sonlanan qəza xəbəri hər kəsi narahat etdi.

Yol-nəqliyyat hadisələrinin ayda bir neçə dəfə şahidi oluruq. Və bu hadisələr hər birimizə stress, gərginlik yaşadır. Lakin bundan dərs çıxarırıqmı? Avtomobilimizə oturanda bu haqda düşünürükmü? “Olacağa çarə yoxdur”, “Alın yazısıdır” düşüncə tərzi ilə mövzuya yanaşanları isə heç cür anlamaq olmur. Əgər sürəti tənzimləyə və baş vermə ehtimalı yüksək olan qəzalardan qorunma yollarını biliriksə, buna niyə əməl etməyək? Aparılan təhlillər də göstərir ki, yüksək sürət, təhlükəli manevrlər etmək, ara məsafəsini düzgün saxlamamaq, piyada keçidlərini bildirən nişanlara diqqət yetirməmək qəzalara səbəb olur.

Hara tələsirik?

Deyəsən, elə təbiətimizdə var. Hər şeyə tələsirik. Adi yeməkdən tutmuş ta evə çatmağa qədər. Sanki çatmayacaqmış kimi özümüzü aparırıq. Piyadaların tələskənliyi də sürücülərin qəza törətməyinə səbəb olur. Yəni burada tək sürücüləri günahlandırmaq doğru deyil. Piyada keçidi olmayan yerlərdən tələm-tələsik qaçmaq və yaxud işıqforu gözləmədən keçməyə can atmaq can alır. Bu hər zaman olmasa da, qaçınılmazdır. Digər səbəb sürücülərin bu qədər ölüm hallarını bilməsinə rəğmən tələskənliyidir. Asta sür, usta sür, nəticə olaraq can atdığın mənzilbaşına salamat çat. Sürəti artırmaq yalnız ünvana tələskənlikdən deyil, lovğalıqdan da doğur. “Filan avtomobil məni ötdü” kimi yanaşmalarla 2, bəzən də 3 avtomobilin yarış keçirməsinin şahidi oluruq. Sürücülərin qaydalardan xəbərdar olmalarına baxmayaraq, yenə də ölüm və xəsarətlə nəticələnən qəzaların artması, sadəcə, təəssüf doğurur.Niyə tələsirik? Axı yol yarış meydançası deyil!

Qaydalara əməl edək

Bu yaxınlarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sosial şəbəkə vasitəsilə sürücülərə müraciəti diqqətimi çəkmişdi. “Səs siqnalından istifadə yalnız təhlükə anında icazəlidir” başlıqlı xəbərdarlıq izləyicilər tərəfindən müsbət rəylərlə dəstəklənib: “Yüksək səslə musiqi, əsassız siqnal, yaşayış zonalarında sürət – bunlar yalnız səs-küy yaratmır, həm də ictimai asayişi pozur və qəza riskini artırır. Qanunvericiliyə görə, səs siqnalından istifadə yalnız təhlükə anında icazəlidir. Hörmət, intizam və qaydalara əməl həm təhlükəsizlik, həm də dinc şəhər mühiti deməkdir”, –deyə Elşad Hacıyev bildirib.Niyə bu mövzuya bir daha toxunmaq istədim? Son vaxtlar artan qəzaların və yüksək səslə musiqili keçid edənlərin yaşadığımız şəhərdə də şahidi oluruq.

Keçid podium deyil

Bəzən də, əksinə, olur. Piyada “Yol mənimdir” düşüncəsi ilə yola daxil olur. Asta addımlarla və yaxud telefon, qulaqcıq qulağında yolu keçən piyadanın sürücülər saniyələrlə “nazını” çəkir. Bu da piyadanın birbaşa məsuliyyətsizliyidir.

Nəzərə alaq ki, son zamanlar avtomobillərin sayı artıb. Bu isə istər-istəməz yollarda sıxlıq yaradır. Yol-hərəkət qaydalarına riayət etmək bizi ölüm təhlükəsindən qurtarır. Eyni zamanda sürücülük mədəniyyəti yuxarıda da deyildiyi kimi, dinc şəhər mühiti deməkdir. Şəhərimizin, yollarımızın, ailəmizin dincliyini qoruyaq. Əsəb, stress, gərginlik yaradacaq hadisələrə səbəb olmayaq. Yüksək səslə musiqini özümüzə aid olan ərazidə (evdə, həyətimizdə) dinləyək. Avtomobildə bunu etmək mədəniyyətsizlikdən başqa bir şey deyil və heç kimə “Yaxşı sürücü” titulu qazandırmır. Yol hamınındır. Ümumqaydalara əməl edək və təhlükəsizliyə öz töhfəmizi verək. Təhlükəsiz yol diləyi ilə...

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 28.10.2025 11:33