NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Nitq qüsurlarını yaradan səbəblər hansılardır?

...

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə son altı ay ərzində uşaqlarda nitq qüsurları ilə bağlı 200-ə yaxın müraciət olunub

Son zamanlar uşaqlar arasında nitq qüsurlarına və kəkələmə kimi problemlərlə  tez-tez rastlaşırıq. Bəs nitq qüsurlarını yaradan səbəblər hansılardır?

Bu mövzu ilə bağlı “Şərq qapısı” qəzetinə ətraflı məlumat verən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru, defektoloq-loqoped Minurə Musayeva deyir ki, nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır. Nəzərə alınmalıdır ki, uşağın nitqi 5 yaşına qədər formalaşır. Buna görə də valideynlər uşaqların nitq inkişafı mərhələlərinə diqqət yetirməlidirlər. Ümumiyyətlə nitq eşidilənləri təqlid yolu ilə inkişaf edir. Bu zaman uşaqlarla ünsiyyətin düzgün şəkildə qurulmaması nitqin inkişaf geriliyinə gətirib çıxarır. Bu da öz növbəsində nitq qüsurunun əmələ gəlməsinə səbəb olur. Minurə Musayevanın sözlərinə görə, qan qohumluğu, ananın hamiləlik zamanı keçirdiyi xəstəliklər, doğuş travmaları, ailədaxili münasibətlərdə gərginlik, ailədə bir neçə dilin ünsiyyət vasitəsi kimi istifadə olunması, uşağın texnoloji vasitələrlə çox vaxt keçirməsi, eşitmə orqanının fəaliyyətinin pozulması ən çox rast gəlinən səbəblərdir: Uşaqlar arasında tez-tez rast gəlinən nomral eşitmənin mövcud olduğu halda yaranan nitq qüsuru və kəkələmədir.  Belə qüsurların əsas səbəblərindən biri ailədə uşağın nitqinin düzgün tərbiyə edilməməsidir. Bunu aradan qaldırmaq üçün hansı səslərin düzgün tələffüz olunmadığını aşkar etmək lazımdır. Bu zaman yaranan səs qüsurunu loqopedik zondlardan istifadə edərək nöqsanı aradan qaldırmaq olar.

 Həmsöhbətimiz deyir ki, nitq pozuntularını aradan qaldırmaq üçün bir çox hallarda loqopedik masaja ehtiyac duyulur. Amma bu, o demək deyil ki, hər nitq pozuntusu olan uşaqlara loqopedik masaj tətbiq olunmalıdır. Bunun üçün öncə loqoped tərəfindən müayinə aparılmalıdır. Müayinə zamanı uşaqda dilin qısalığı, uzunluğu, qalınlığı, dilçəyin olub-olmaması, dodaqların, yumşaq və sərt damağın vəziyyəti, ağız suyunun axması, yanaq əzələlərinin vəziyyəti yoxlanılır:

– Kəkələmə nitq aparatının əzələlərinin qıc olması nəticəsində nitq tempinin və ritminin pozulmasıdır. Əksər hallarda kəkələmə sarsıntı yaradan amillərin təsiri ilə sinir sistemi zəifləmiş şəxslərdə müşahidə olunur. Kəkələmə nitqi idarə edən ali sinir fəaliyyəti proseslərinin pozuntusu nəticəsində baş verir. Həmçinin bu nitq mexanizmində hər hansı üzvün zədələnməsi nəticəsində də yarana bilir və əsasən 2-5 yaş arasında özünü büruzə verir. Kəkələmə istənilən yaş dövründə yarana bilər. Bu, mərkəzi sinir sisteminin zədələnməsi ilə bağlıdır. Buraya ağır beyin zədələrini və bir sıra infeksion xəstəlikləri aid etmək olar.

Minurə xanım onu da vurğuladı ki, kəkələmənin erkən və yüngül forması olur. Belə ki, bu halda uşaq səsi və ya hecanı təkrarlayır. Kəkələmənin ağır növü də var ki, bu zaman nitqdə tutulmalarla yanaşı bəzən gözqırpma, qaş oynatma və sair kimi psixoloji hallara da rast gəlinir. Bütün hallarda kəkələyən uşaqlara kompleks şəkildə təsir göstərmək olduqca vacibdir. Bura həm tibbi, həm də loqopedik və psixoloji təsirlər aiddir.        

Minurə xanımın sözlərinə görə hal-hazırda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə nitq qüsurları ilə bağlı çoxsaylı müraciətlər olur. Müraciət edən hər bir şəxs mərkəzin reabilitasiya bölmələrinə cəlb edilir. Burada yaşından asılı olmayaraq hər bir şəxslə fərdi və ya qrup şəklində təlimlər aparılır. Təlim zamanı müxtəlif inkişaf proqramlarından istifadə olunur. Mütəmadi olaraq valideynlərlə söhbətlər aparılır. Qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə son altı ay ərzində uşaqlarda nitq qüsurları ilə bağlı 200-ə yaxın müraciət olunub.

Minurə xanım valideynlərə məsləhət görür ki, uşağınıza vaxtaşırı zaman ayırmaq, onlara telefon verməmək, televizor qarşısında oturtmamaq, ünsiyyət qurmaq gələcəkdə yaranan nitq qüsurlarının qarşısını alacaqdır. Uşaq ətraf aləmi dərk etdikcə, ətrafda gördüklərini tanıdıqca, anladıqca, qavradıqca bunları nitqində istifadə etməyə başlayır. Bəzi uşaqlar istəklərini işarə ilə, jest ilə başa salmağa çalışır. Bu halda valideyn ona işarə ilə istədiyini verdikdə, artıq o, həmin fikri nitqdə söz olaraq istifadə etməyə ehtiyac duymur. Yaxşı olar ki, valideynlər uşaq nə istəyirsə, onu adlandırmasını tələb etsin, bundan sonra zamanla onlar aktiv nitqə keçid edəcəklər.

Müsahibimizin sözlərindən o nəticəyə gəlirik ki, övladlarınızın nitq ləngiməsi olmasını istəmirsinizsə, öz yaşıdları kimi danışmasını istəyirsinizsə, davranışınıza, nəzarətinizə, ünsiyyətinizə ciddi fikir verin. Onlarla oyun oynayın, vaxt keçirin. Onları əzizləyin. Sağlam, özgüvənli, səlis nitqli uşaq böyütmək sizdən asılıdır.

Bülbül QULİYEVA

Nəşr edilib : 28.08.2024 16:50