NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Nənəmin nağılları

...

        Bir sevinc var hər üzdə,
        Nənəm nağıl danışır.
        Uzanmışıq qum üstə
        Nənəm nağıl danışır.
        Bax ulduzlar göz vurur,
        Ay başım üstdə durur,
        Onlar da sanki duyur,
        Nənəm nağıl danışır.
Məktəbdə ikinci sinifdə oxuyanda bu şeiri öyrənirdik. Elə bilirdim, mənim nənəm üçün yazılıb bu şeir – Minəş nənəm üçün. Nənəm nağıl danışırdı. Sirli-sehrli, aylı-ulduzlu bir məkanın, toy-düyünlü bir elin nağılını danışırdı: Murxuz nağılını. Uca dağların qoynunda yerləşən, buz bulaqlı, qoşa gur çaylı, quzeylərində qar, güneylərində lalələr bitən, qoca tarixin yoldaşı olan Murxuzun nağılını. Sübh açılan kimi Ağamalı babam (Minəş nənəmin atası, mən Minəş nənənin nəticəsiyəm) hər cür meyvə yetişən bağında dolanırdı, kənd sovetinin sədri Xansuvar idarənin qabağında gəzinirdi, Qaraxan sürünü haylayıb dağın başına qaldırırdı, Dadaş kirvə kənd mərkəzində dükanı açmağa tələsirdi, poçtalyon Xası məhəllələri gəzib qəzet-jurnal, məktub paylayırdı. Asabil əmi rayon mərkəzi Sisyandan qayıdırdı – axşam milis idarəsində növbədə idi. Kəndin qadınları fermaya sağıma tələsirdi, qayğısız uşaqlar məktəbə gedirdi. Yolboyu məktəbdə edəcəkləri dəcəllikləri, şeytanlıqları danışanlar da vardı. 
Bir də baxırdın babam Yaranmışın QAZ-53 markalı maşını kəndin içindən sürətlə şütüyüb üzü Sisyana yol alırdı. Gəlinlər, qızlar bir-birini səsləyib iməci çağırırdı: gəbə toxumağa, əriştə kəsməyə, qovurma eləməyə. Əli yüngül, ayağı sayalı Minəş bacını da işin üstünə çağırırdılar: “Sən başla, əlin yüngüldü, iş tez bitir” deyə. Nənəmin toxuduğu xalçalar mahalda məşhur imiş. Hamı axşam olmamış işini bitirməyə tələsirdi. Axşam kəndin klubunda Aşıq Xançoban saz çalıb oxuyacaqdı. Kənddə şənlik vardı. 
Minəş bacı gümüş kəmərini belinə qurşayıb kənd içinə çıxanda vəziyyət dəyişirdi. Hamı onu “Minəş qardaş” çağırırdı. Onun kişi qeyrəti, kəsərli sözü, ər gücü vardı. Ot şələsini görənlər “Maşın ləngərləyib ot tökülüb”, – deyəndə kolxoz sədri “Yox, buradan Minəş qardaş keçib”, – deyərmiş. Bu allı-güllü, bol-bəhərli diyarın xoş güzəranı, sazlı-sözlü insanları, toy düyünlü evləri, savadlı adamları, qol-budaqlı igidləri, qonağa süfrə açan xanım-xatun qadınları var idi. Camaatın tək dərdi quzu otarmağa gedən uşaqların “Cinni (cinli) dərə” adlı yerdən sağ-salamat, qorxusuz keçib gəlmələri idi. 
Məktəbdə öyrəndiklərimlə nənəmin danışdıqları təzad təşkil edirdi. Nənəmin nağıllarını öyrəndiyim nağıl növlərindən heç birinə aid edə bilmirdim. Sehrlimi? Realis­tmi? Məişət nağılımı? Heyvanlar haqqında nağılmı?
Nənəmin nağıllarında gözlənilmədən divlər, əjdahalar peyda olurdu. Pəhləvan cüssəli babam Yaranmış hayların dərsini yaxşı verirmiş. Əli avtomatlı, saqqallı, əcayib hay dilində danışan bu quldurlar kəndə soxulur, insanları ölümlə hədələyir, mal-qaranı, qoyun-quzunu talayır, kəndə divan tuturdular. Yolları kəsir, insanları döyür, evlərə soxulub qapıları qırır, “Kənddən çıxmasanız hamınızı öldürəcəyik”, – deyirdilər. Nənəmin oğlu Asabil əminin milis serjantı olmasına baxmayaraq, yolunu kəsmiş, Məzəddin dayı (atamın dayısı) ilə birlikdə möhkəm döymüşdülər. Əmim 7-8 metr hündürlükdə olan körpüdən özünü çaya atmağa məcbur olmuşdu.
Nənəmin nağıllarında milis rəisi Qalistyan vardı. Bir gözü ilə saqqallı hayların quldur əməllərinə göz yumur, digər gözü ilə guya Murxuzun və digər kəndlərin sakinlərinə “Köçün gedin, ara sakitləşəndə qayıdarsız”, – deyirdi. Guya xeyirxahlıq edib onlara dağ yolları ilə getməyi məsləhət bilirdi. Soyuqda, qarda, çovğunda dağ yoluyla canını götürüb qaçanlar dişi-dırnağıyla yığdığı hər şeyini arxada qoymağa məcbur idi. 
Bundan sonra həsrət nağılı başlayırdı, qəriblik nağılı başlayırdı. Nənəm nağılı nağıla calayırdı. Köçkünlük, qəriblik həyatında nisgillə bərabər ümid nağılları da danışırdı nənəm. O nağıllardan Vətən həsrətli insanlar boylanırdı. Elindən, obasından ayrılanda bir ovuc torpaq götürən kim, pəncərənin şüşəsini, qapısının cəftəsini öpüb qucaqlayan kim, dağların başında son dəfə Murxuza baxıb “Bəlkə, bu yerlərə bir də gəlmədim”, – deyən kim, qayıdacağım gün Qırxlar pirinə nəzir aparacam, qurban kəsəcəm deyən kim...
Evindən çıxanda təknədə çörəyi, səhəng dolusu suyu, taxçada zənbil dolusu yumurtası varmış nənəmin. Aş qazanı ocaqda evdən çıxmışdım deyirdi. Qayıdacağıq, çox olsa bir-iki günə gələrik. 1918-ci il təvəllüdlü Minəş nənəm yaşlılardan eşidibmiş ki, bir dəfə də Zəngəzuru tərk etməyə məcbur olublar. O zaman da hay fitnəsi ilə yurddan didərgin düşüblər, amma sonra qayıdıblar. İndi də elə olacaq. Son nəfəsinə kimi evinin açarlarını boynunda gəzdirdi nənəm. Çox təəssüf ki, nənəmin yığılı qoyduğu evindən əsər-əlamət qalmayıb. Bunu rəhmətlik atam Məzahir Murxuz kəndinin sosial şəbəkələrdə yayılan videolarında görmüş, hətta ağlamış, “Gorun çatlasın, ay Minəş, alt-üst mərtəbəli evin yoxdu daha”, – demişdi. Nənəmin evi yüksəkkeyfiyyətli materiallardan tikilmişdi. Hay vandalları canımıza, malımıza, daş divarımıza da qəsd etmişdilər.
İllər ötdü oradan cavan çıxanlar ahıllaşdı, uşaqlar böyüdü. Amma həsrət səngimədi, itmədi daha da artdı, “Torpaq bizi çəkir”, – dedilər. Sözlərinin, cümlələrinin əvvəli Murxuzla başladı, sonu Murxuzla bitdi. Həsrətin yanğısı sönmədi, dinmədi, nənəmin dilində bayatılara çevrildi, nağıllara döndü, dərdli nəğmə kimi səsləndi. Hər dəfə əllərini göylərə açanda yurd həsrətli dualar etdi. 
Bir gün həyətimizdə Kinyaz babanı gördüm. O nənəmin nağılından gəlməmişdi, canlı idi, var idi. Atama yalvarırdı: “Nolar, qurban olum, sizin o kürəkənə (bibimin yoldaşını nəzərdə tuturdu) de, məni atla tilin başına çıxartsın. Oradan o tərəfə özüm gedərəm. Atamın qəbri üçün burnumun ucu göynəyir”. 
Ermənistanla Naxçıvan Muxtar Respublikası Culfa rayonu, Boyəhməd kəndinin sərhədini nəzərdə tuturdu. Buradan dağ yoluyla Murxuza, İşıqlara getmək mümkün idi. Bibimgil bu kənddə yaşayırdı. Mən də “Yay tətilini necə keçirdim?” adlı inşa yazanda bu kənddə keçirdiyim günləri sevdiyimi yazmışdım. Kəndin Murxuza yaxın olmasını uşaq ağlımla əsaslandırmışdım. Murxuz mənə nənəmin nağıllarındakı əsrarəngiz cənnət diyar idi.  
Kinyaz baba qısa müddət sonra minlərlə köçkün kimi bu nisgillə, bu həsrətlə dünyaya göz yummuşdu. Elə Minəş nənəm də, atam da bizlərə Vətən həsrətini miras qoyub getdilər. Özümüz qərib olduq, qəbrimiz də qərib olacaq dedilər. Böyüdükcə, dünyanı dərk etdikcə nənəmin nağıllarının acı bir gerçək olduğunu anladım. Nənəm nağıl danışmırmış, elin dərdini, sevgisini, həsrətini ruhumuza incə əyirib sıx toxuyurmuş. Bir gün o yurda qayıdacağımıza inanır, bizi o günlərə hazırlayırmış. Nənəm, atam o yurdda xatirələrini, babam Yaranmışın məzarını, hər daşında, qayasında ayaq izlərini buraxıb gəldi. Onlar yurd yerlərini itirsələr də, ruhlarında yaşatdılar. Son günə qədər şükür duaları edəcəklərinə inandılar. 
Mən də inanıram ki, nənəmin yarımçıq qalan nağılı tamamlanacaq, xeyir şərin üzərində qələbə çalacaq, onların köç etdiyi yerlərə qayıdacaq, əcdadlarımızın mədfəni olan o torpaqlarda şükür duaları edəcəyik. Dağıdılmış, viran edilmiş evlərimizi quracaq, söndürülmüş ocağımızı gur qalayacağıq. Çünki Vətən, sadəcə, torpaq deyil, həm də borcdur, əmanətdir!

Nihad ABBASOV 
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq ticarət və 
logistika ixtisası üzrə III kurs tələbəsi 

 

Nəşr edilib : 07.06.2026 14:41