NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

NDU-nun “Turan” estrada ansamblının təqdimat konserti keçirilib

...

Mayın 19-u Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Turan” estrada ansamblının təqdimat konserti təşkil olunub. Tədbirdə universitetin rektoru Elbrus İsayev, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya və nümayəndə heyəti, İğdır Universitetindən gəlmiş tələbələr, eləcə də NDU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq ansamblın təqdimatının uğurlu təşəbbüs olduğunu bildirib və universitetin mədəni həyatında mühüm hadisə kimi qiymətləndirib. Rektor ansamblın “Turan” adını daşımasının Türk dünyası üçün rəmzi və ideoloji məna kəsb etdiyini vurğulayıb. Bildirib ki, türk dövlətləri arasındakı səmimi münasibətlər, siyasi liderlərin əməkdaşlığı bütün sahələrə sirayət edir. 
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərindən bəhs edib. Münasibətlərin təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlarla daha da möhkəmləndiyini, Naxçıvan Dövlət Universitetinin Türk dünyası universitetləri ilə əməkdaşlıqda fəal rol oynadığını bildirib. Baş konsul 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı  haqqında məlumatları bölüşüb, konsert proqramının belə bir günə təsadüf etməsinin əlamətdar olduğunu və belə layihələrin gənclərin qarşılıqlı anlaşması, ortaq dəyərləri paylaşması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Konsert proqramında estrada musiqisinin klassik və müasir nümunələri səsləndirilib. Tamaşaçılara Rafiq Babayevin “Fantaziya”, Vasif Adıgözəlovun “Sən ey uşaqlıq”, Michael Buble-nin repertuarından “Sway”, Vaqif Mustafazadənin “Yollar”, Bəhram Nəsibovun “Ay gecikən məhəbbətim”, Tofiq Quliyevin “Naxçıvani”, Emin Sabitoğlunun “Bu dünya sirli dünya” eləcə də Laço tayfanın “Türk Jazz” kompozisiyası və digər müəlliflərin əsərləri alqışlarla qarşılanıb. 
Ansambl solistləri Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov, Prezident mükafatçısı İlkin Abdullayev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov və Elmar Qasımovdur. 
Konsertin bədii rəhbəri Prezident mükafatçısı, Xalq Çalğı Alətləri kafedrasının baş müəllimi Sərxan Abdullayev, qrafik tərtibatçısı isə Xalq Çalğı Alətləri kafedrasının müəllimi, konsertmeyster Yusif Həsənlidir.
Tədbirin sonunda Elbrus İsayev və Asip Kaya uğurlu təqdimata görə ansamblın bütün heyətini təbrik edib, xatirə fotosu çəkilib.

Nəşr edilib : 20.05.2025 12:57