NAXÇIVAN :

12 Aprel 2025, Şənbə

NDU-da yenidən növbəti təhsil fürsəti: tələbə mübadiləsi

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi  2024-2025-ci tədris ilində növbəti dəfə  tələbə mobilliyi vasitəsilə yerli və xarici universitetlərdə təhsillərini davam etdirəcəklər.
Bu barədə tələbə mobilliyi ilə əlaqədar keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev məlumat verib. Rektor Naxçıvan Dövlət Universitetinin yerli və xarici universitetləri ilə, xüsusilə də Türkiyə universitetləri ilə əlaqələrindən danışıb. Bildirib ki, bağlanan  əməkdaşlıq müqavilələri  və ikili diplom proqramları vasitəsilə  müəllim və tələbələrin  həmin universitetlərdə bir müddətlik təhsil və fəaliyyətini davam etdirmə, təcrübə və dərs keçməsi təmin edilir. Burada da əsas məqsəd təhsildə daha keyfiyyətli və innovativ yanaşmaları tələbələrə öyrətmək, digər universitetlərin proqramlarından istifadə edərək daha yaxşı mütəxəssis kimi formalaşmalarına imkanlar yaratmaqdır.
Tələbələrlə keçirilən görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova  bu dəfə də tələbə mobilliyi sahəsində 50-dən artıq tələbənin mübadiləsinin bir sıra universitetlərlə əldə olunan razılığa əsasən aparıldığını qeyd edib. İqtisadiyyat, Hüquqşünaslıq, Baytarlıq, Jurnalistika, Torpaqşünaslıq və aqrokimya, Coğrafiya, Biologiya və digər ixtisaslarından tələbələrin mübadiləyə gedəcəyini söyləyib. Xüsusilə də universitet üçün prioritet olan İnformasiya texnologiyaları, Energetika mühəndisliyi, Kompüter mühəndisliyi ixtisaslarından tələbələrin  üstünlük təşkil etdiyinə, bir neçə ixtisasın tədrisi ingilis dilində olduğuna diqqət çəkib. Vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti, Türkiyənin İstanbul Aydın Universiteti, Gazi Universiteti, Qaradəniz Texnik Universiteti, Pamukkale Universiteti, Erzurum Atatürk Universiteti və Qafqaz Universiteti arasında imzalanmış əməkdaşlıq müqavilələri var. Ali təhsil ocağının müvafiq ixtisaslarında təhsil alan tələbələr bir semestr müddətində qardaş ölkənin nüfuzlu universitetlərində təhsillərini davam etdirəcəklər.
Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında keçirilən  görüşdə sonda universitetin rektoru Elbrus İsayev tələbələrə öz tövsiyələrini söyləyib, onları təbrik edərək elmi nailiyyətlər arzu edib.

Nəşr edilib : 12.02.2025 18:02