NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı

NDU-da təhsil tələbə krediti ilə bağlı növbəti görüş təşkil olunub

...

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Təhsil Tələbə Krediti Fondunun (TTKF)  fəaliyyətini və universitet ilə əməkdaşlığını yüksək qiymətləndirib, bildirib ki, təhsil sahəsinin inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir. Rektor vurğulayıb ki, təhsilin əlçatanlığının təmin olunması fondun tələbələr üçün yaratdığı xüsusi imkanlardır və universitetdə təşkil olunan təhsil tələbə krediti ilə bağlı məlumatlandırma və təşviq xarakterli görüşlərdə bu imkanlar diqqətə çatdırılır. 
Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Bəhruz Əzimov fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Bəhruz Əzimov təhsil tələbə kreditinin sosial və standart növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ və tətbiq edilən güzəştləri diqqətə çatdırıb.  
Elm və Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Cabbar Hüseynli çıxış edərək kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi yönündə ilkin şərti diqqətə çatdırıb. Kredit məbləğinin birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verildiyini vurğulayıb. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ verildiyini söyləyib. Həmçinin tələbənin valideynləri işləmirsə və ya qruplar üzrə əlilliyi mövcuddursa, həmin tələbənin sosial tələbə kreditindən istifadə edə biləcəyini bildirib.
Universitetin Monitorinq və qiymətləndirmə  sektorunun müdiri  Elgün Tağıyev  fond yarandığı  gündən NDU-da TTK-ya müraciət sayını diqqətə çatdırıb. İllər üzrə statistikalarda müraciətlərin daim artdığının izlənildiyini bildirib. Vurğulayıb ki, bu günə qədər NDU-da TTK-ya  1 308 müraciət olub, 1 091 müraciət rəsmiləşib. Rəsmiləşən müraciətlərin 272-si sosial, 819-u isə standart təhsil tələbə kreditinə aid olub. 
Görüşün sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Nəşr edilib : 07.04.2025 21:31