NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

NDU-da Elmi Kitabxananın mövcud vəziyyəti və qarşıda duran problemlərin həllinə dair müşavirə keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, müşavirədə rektor müşaviri (iqtisadi məsələlər üzrə), dekanlar, universitet nəzdindəki kolleclərin, beynəlxalq məktəb və gimnaziyanın direktorları, Elmi Kitabxananın heyəti, İT şöbəsi və Media mərkəzi nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev müşavirənin keçirilməsində əsas məqsədin ötən ildə kitabxananın ümumi fəaliyyəti, əldə olunan nəticələr, 2025-ci il üzrə kitabxananın fəaliyyət planı, hədəfləri, elektron bazalara çıxış imkanları, mövcud vəziyyətin müzakirəsi olduğunu bildirib. 
Daha sonra çıxış edən Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova 2024-cü ildə əldə edilmiş nailiyyətlərdən, kitabxananın mövcudluq vəziyyətindən, 2025-ci il üzrə qarşıya qoyulmuş əsas məqsəd və vəzifələrdən bəhs edib.
Bildirildi ki, kitabxananın ümumi fondunu 180 min ənənəvi kitab, kitabxanada hazırlanmış 8 min elektron resurs təşkil edir. Bundan əlavə, kitabxanada Qərbi Azərbaycan mərkəzi və xaricdə yaşayan azərbaycanlı alimlərin əsərlərindən ibarət fondlar yaradılmışdır.
2024-cü ildə Elmi Kitabxana üçün mühüm hadisələrdən biri Kitabxananın yeni NDU – LİB sisteminin və lib.ndu.edu.az saytının istifadəyə verilməsidir. Yeni sistemin yaradılmasında əsas məqsəd irihəcmli və xarici dildə olan ədəbiyyatların elektronlaşmasını reallaşdırmaqdan ibarətdir. Qeyd edək ki, NDU – LİB sistemi universitetin İT şöbəsi əməkdaşları tərəfindən yaradılan təkmilləşdirilmiş yeni sistemdir. 
NDU Elmi Kitabxanası 11 bazanı əhatə edən, 13 mindən çox jurnal, 2700 kitab, 400-ə yaxın qəzet materialına abunə olduğumuz EBSCO və 21293 tammətnli kitablar və 74604 ümumi nəşrlərə abunə olduğumuz EBSCO Discovery beynəlxalq elektron bazalara çıxış əldə etmişdir. Qeyd olundu ki, 2024-cü ildə, həmçinin Clarivate şirkətinin təqdim etdiyi ProQuest Dissertations&Theses Global verilənlər bazasının və Taylor &Francis beynəlxalq nəşriyyatının elektron kitablarından ödənişsiz istifadə imkanı əldə olunmuşdur.
2024-cü ildə NDU Elmi Kitabxanasına 3908 sayda ənənəvi kitab daxil olmuş, kitabxanadan 8450 oxucu istifadə etmişdir.  
Müşavirədə 2025-ci il üçün qarşıya qoyulan elektron bazalara çıxışı genişləndirmək,digər akademik kitabxanalarla əməkdaşlıqları genişləndirmək, DIRNA layihəsi çərçivəsində elektron arxivlərin qurulmasını təmin etmək, inklüziv təhsilə dəstək olmaq məqsədilə  gözdən əlil oxucular üçün audio kitabların hazırlanması və sair hədəflər, eyni zamanda 2025-ci il üçün fəaliyyət və tədbirlər planı müzakirə edildi. 
Müşavirənin sonunda  rektor Elbrus İsayev müzakirə olunan məsələlərin həlli ilə bağlı öz təklif və tövsiyələrini bildirdi və Elmi Kitabxananın onlayn xidmətlərindən istifadənin operativliyinin təmin edilməsi məqsədilə sorğu-axtarış mobil tətbiq sisteminin yaradılması, fakültə kitabxanalarının təkmilləşdirilməsi  təkliflərinin icrası üçün göstəriş verdi.

Nəşr edilib : 22.01.2025 17:51