NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

...

Naxçıvan Dövlət Universitetində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisasları üzrə təhsil alan tələbələrinin müəllim əməyinə həsr olunmuş 45 bədii əsərdən ibarət sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
NDU-nun rektoru Elbrus İsayev professor-müəllim heyətini bayram münasibətilə təbrik edib. Rektor müəllimlik peşəsinin cəmiyyətin inkişafında, savadlı və vətənpərvər gənc nəslin formalaşmasında mühüm rolunu vurğulayıb. Dövlətin təhsilə göstərdiyi diqqət və qayğının universitetin inkişafında da özünü göstərdiyini bildirən rektor universitet əməkdaşlarının əməkhaqlarının 15 faiz artırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Tədbirdə pedaqogika elmləri doktoru, professor İsmayıl Əliyev, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli və Avropa dilləri kafedrasının baş müəllimi Kövsər Abbasova çıxış ediblər. Çıxışlarda müəllimlik peşəsinin əhəmiyyəti, təhsil və elmin inkişafında pedaqoqların rolu və gənc nəslin yetişdirilməsində müəllim məsuliyyətindən bəhs olunub.
Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Tahirov da müəllimlik peşəsinin mənəvi dəyəri və tələbələrin gələcək fəaliyyətinin formalaşmasında müəllimlərin rolu barədə danışıb.
Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri təqdim olunub. Proqramda “Bayatı-Şiraz” təsnifi, “Yana-yana kül oldum”, “Ana”, “Şən Azərbaycan” və digər əsərlər səsləndirilib.
Tədbir xoş əhvali-ruhiyyə ilə başa çatıb.

Nəşr edilib : 05.10.2026 20:00