NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

Nazir muavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

...

Əzbərçiliklə yetişən gənclər müasir dövrün tələblərinə cavab verməkdə çətinlik çəkəcəklər.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada deyib. O bildirib ki, müəyyən testləri əzbərləməklə ali məktəbə qəbul olmaq, bakalavr və magistratura təhsili almaq, diplom əldə etmək mümkündür. Lakin əsas məsələ insanların dəyişən şəraitə uyğunlaşmaq, ünsiyyət qurmaq, tənqidi və yaradıcı düşünmək bacarıqlarına nə dərəcədə yiyələnməsidir.

Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur: “Gənclər müasir texnologiyalardan istifadə etməyi, dəyişikliklərə uyğunlaşmağı və effektiv ünsiyyət qurmağı bacarmalıdırlar. Onlarda tənqidi və yaradıcı təfəkkür formalaşdırılmalıdır. Xüsusilə yaradıcı düşünmə müasir dövrdə ən vacib bacarıqlardan biri hesab olunur. Bu gün dördüncü texnoloji inqilabdan danışırıq. Qarşıda beşinci və altıncı texnoloji inqilablar da ola bilər. Gələcəkdə hansı bacarıqlara ehtiyac duyulacağını dəqiq bilmirik. Lakin təhsil sistemi gəncləri həmin dəyişikliklərə hazırlamalıdır”.

Nəşr edilib : 28.10.2026 10:48