NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Nazir: Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var

...

Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var.

"Şərq qapısı" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.

Nazir bildirib ki, bunun bir yolu mövcud emal proseslərini təkmilləşdirmək və daha yüksək emal səviyyəli məhsullar istehsal etməkdir. Digər istiqamət isə yeni kəşfiyyat işlərinin aparılmasıdır. Yeni ehtiyatları müəyyənləşdirməliyik və iqtisadi cəhətdən səmərəli olan yataqları mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edəcəyik.

“Dünyada metala və strateji minerallara tələbat sürətlə artır. Bunun əsas səbəbləri enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu ilə bağlı artan tələbatdır. Bu səbəbdən ölkələr artıq yalnız filiz hasilatına deyil, emala, təkrar emala və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verirlər. Ölkəmiz də bu dəyişikliklərdən istifadə etmək üçün çox gözəl imkanlara malikdir. Burada bizim resurs bazamız, enerji imkanlarımız və nəqliyyat infrastrukturumuz var. Təbii ki, bütün bu məsələlərin əsasında mövcud olan siyasi, makroiqtisadi sabitlik, Sizin uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz planlar dayanır. Hesab edirik ki, ölkəmizin Orta Dəhliz üzərində yerləşməsinin və açar rolunu oynamasının da bu istiqamətdə böyük əhəmiyyəti var”, - deyə o qeyd edib.

 

Nəşr edilib : 22.09.2026 15:44