NAXÇIVAN :

25 Yanvar 2025, Şənbə

Nazir: Azərbaycan ABŞ-la qarşılıqlı hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır

...

ABŞ-la Azərbaycan arasında olan münasibətləri indi şərh etmək istəməzdim. Ancaq ümumilikdə onu qeyd edə bilərəm ki, biz Amerika Birləşmiş Ştatları Demokratlar administrasiyası, eyni zamanda, bir sıra Avropa ölkələri tərəfindən 2024-cü ildə birtərəfli yanaşmanın şahidi olduq. Həmçinin biz Ermənistana birtərəfli dəstək faktlarını gördük.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib.

Ötən il aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünü xatırladan nazir deyib: “Bu görüşün hər hansı bir izahatını vermək çətin idi. Xüsusi olaraq Ermənistan-Azərbaycan normallaşma prosesinin kifayət qədər intensiv bir mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir”.

Xarici işlər naziri qeyd edib ki, biz, həmçinin birgünlük antiterror əməliyyatlarından qısa müddət sonra 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ilə ABŞ-da Demokratların Azərbaycanı cəzalandırmaq niyyətlərini və bir sıra qərəzli addımlarını müşahidə etdik.

“Bilirsiniz ki, bu gün ABŞ-da yeni Prezidentin inauqurasiya mərasimi keçiriləcək və bundan sonra respublikaçılar növbəti dörd il ərzində Amerikada hakimiyyətdə olacaqlar. Güman edirik ki, bizə qarşı yanaşma fərqini müşahidə edəcəyik. Azərbaycan ABŞ-la proqnozlaşdırıla bilən, qarşılıqlı maraqlar və hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır”, - deyə nazir vurğulayıb.

Nəşr edilib : 20.01.2025 16:20