İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkan...
23:03 19.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri paytaxt Bakı şəhərində Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Bədii yaradıcılıq müsabiqə-festivalında incəsənətin müxtəlif sahələri üzrə uğurla iştirak ediblər. Festivaldan sonra Naxçıvana qayıdan müsabiqə iştirakçıları öz təəssüratlarını “Şərq qapısı” ilə bölüşüblər. İlk olaraq festival zamanı universitet və onun nəzdində fəaliyyət göstərən kolleclərin tələbələrinə rəhbərlik edən Naxçıvan Dövlət Universiteti Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovla həmsöhbət olduq: “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Bədii yaradıcılıq müsabiqə-festivalında iştirak etmək bizim üçün böyük qürur hissi yaratdı. Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin heyəti olaraq bu mötəbər tədbirdə universitetimizi layiqincə təmsil etdik. Festival çərçivəsində tələbələrimiz yallı, saz ifası, muğam ifası, bədii qiraət və xalq çalğı alətlərinin ifalarını təqdim etdilər. Tələbələrin nümayiş etdirdiyi yallı rəqsi milli birlik və həmrəylik ruhunu, saz ifaları və xalq musiqiləri isə Azərbaycan mədəniyyətinin zənginliyini və qədim ənənələrə bağlılığını bir daha ortaya qoydu. Səsləndirilən şeirlər gənclərin Vətənə, milli ruhumuza və ədəbi irsimizə olan sevgisini aydın şəkildə ifadə etdi.
Mən hesab edirəm ki, belə tədbirlər tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür layihələr gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə şərait yaradır, eyni zamanda tələbələrin ictimai və mədəni fəallığının artırılmasına mühüm töhfə verir. Gənclərin milli dəyərlərimizə bağlı şəkildə yetişməsi gələcəyimiz üçün xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan gəncliyi müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir. Mən inanıram ki, belə tədbirlər tələbələrimizin vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir və gələcəkdə də universitetimizin tələbələri yeni uğurlarla ölkəmizi layiqincə təmsil edəcəklər”.
Digər həmsöhbətimiz Naxçıvan Musiqi Kollecinin müəllimi Ramil Bağırov oldu: “Ulu Öndərə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında iştirak etmək nəinki tələbələrimiz, həm də mənim üçün böyük qürur və məsuliyyət hissi idi. Tədbirdə tələbələrimiz “Folklor Tənzərə” yallısı ilə çıxış edərək tamaşaçıların böyük rəğbətini qazandılar. Bu, milli rəqs sənətimizin və folklor irsimizin yaşadılması baxımından olduqca vacib idi. Universitetimizin tələbələrə olan dəstəyi hər zaman yüksək səviyyədədir. Bu müsabiqə zamanı da iştirakçılar üçün xüsusi diqqət və geniş imkanlar yaradılmışdı. Belə tədbirlər gənclərin həm yaradıcılıq potensialının inkişafına, həm də milli-mənəvi dəyərlərimizin təbliğinə mühüm töhfə verir”
Festivalda səhnə çıxışları ilə tamaşaçıların rəğbətini qazanan tələbələrlə də həmsöhbət olduq. Naxçıvan Dövlət Musiqi Kollecinin Aşıq sənəti ixtisası üzrə III kurs tələbəsi Pınar Hüseynova: “Bu müsabiqədə iştirak etmək mənim üçün çox qürurverici və unudulmaz təcrübə oldu. Xüsusilə Ulu Öndərə həsr olunmuş bədii yaradıcılıq müsabiqəsində çıxış etmək həm məsuliyyətli, həm də fəxarətli idi. Səhnəyə çıxarkən həyəcanlı olsam da, öz sənətimi və fikirlərimi tamaşaçılara çatdırmaq məni çox xoşbəxt etdi. Naxçıvanda keçirilən seçim mərhələsində öz üzərimdə çox çalışdım. Çıxışıma ciddi hazırlaşmışdım və düşünürəm ki, zəhmətim qiymətləndirildi. Naxçıvan Dövlət Universiteti mənə həm bilik, həm də özümü inkişaf etdirmək üçün böyük fürsətlər yaradıb. Burada müxtəlif tədbirlərdə iştirak etmək, səhnə təcrübəsi qazanmaq və yaradıcı mühitdə olmaq mənim inkişafıma çox təsir edib. Gənclərə verilən bu cür imkanlar çox dəyərlidir. Mən də gələcəkdə öz üzərimdə daha çox çalışıb uğurlarımı artırmaq istəyirəm”.
Naxçıvan Dövlət Universitetinin İnstrumental ifaçılıq ixtisası üzrə I kurs tələbəsi Məleykə Vəliyeva: “Bakıda Ulu Öndərimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş möhtəşəm tədbirdə universitetimizi təmsil edərək səhnəyə çıxmaq mənim üçün böyük qürur və unudulmaz an oldu. Səhnəyə çıxarkən həm həyəcan, həm də sevinc hiss edirdim. Minlərlə insanın qarşısında çıxış etmək məsuliyyətli olsa da, bu müqəddəs gündə Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmək mənə xüsusi güc və inam verdi. Bu konsert mənə həm qürur, həm də böyük məsuliyyət hissi yaşatdı. Mən bu günü həyatımın ən yaddaqalan və ən dəyərli anlarından biri kimi həmişə xatırlayacağam. Bu tədbir mənə bir daha göstərdi ki, universitetimiz tələbələrinin inkişafına və bacarıqlarının üzə çıxmasına böyük önəm verir. Mən də bu etimada layiq olmağa çalışdım və çıxışım zamanı universitetimizin adını qürurla təmsil etdim”.
Naxçıvan Musiqi Kollecinin Nağara ixtisası üzrə I kurs tələbəsi Hüseyn Ələsgərli: “Çox sevindirici haldır ki, Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr olunan bu görkəmli festivalda Naxçıvan Dövlət Universitetini təmsil edirdim. Festivalda “Zəfər” yallı qrupunun tərkibində çıxış edirdim. Səhnənin böyüklüyü, alqışlar və oradakı aura mənə böyük qürur hissi verirdi. Bu mənim üçün ikiqat sevinc idi. Ulu Öndərin anadan olmasının 103 illiyində onun adını daşıyan sarayda çıxış etmək mənə xüsusi fəxarət hiss yaşatdı”.
Bədii qiraət üzrə Bakıdakı festivalda iştirak etməyə vəsiqə qazanan Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə II kurs tələbəsi Ceyran İmamzadə: “Naxçıvanda keçirilən Beynəlxalq yaradıcılıq festivalında dəyərli şairimiz Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini qiraət etdim. Bununla da, Bakı şəhərində keçirilən yaradıcılıq festivalında iştirak etməyə haqq qazandım. Paytaxtda keçirilən festivalda Azərbaycan universitetlərinin tələbələri ilə birlikdə Leyla xanım Əliyevanın “Azərbaycan” şeirindən bir bəndi səsləndirdim. Bu mənim üçün iki qat məsuliyyət idi. Bu mənim üçün böyük bir uğurdur ki, bədii qiraət üzrə universitetimizin adını bu cür unudulmaz bir tədbirdə təmsil etməyə layiq görülən iki tələbədən biri oldum”.
Rafiq TƏHMƏZ
Digər xəbərlər