NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanlı rəssam Şahin Rəsulzadənin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir-sərgisi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssam Şahin Rəsulzadənin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir-sərgisi baş tutub.

48 əsərin nümayiş olunduğu sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri  Pərvin Həsənov bildirib ki, bu gün Naxçıvan rəssamları qiymətli sənət inciləri yaratmaqla mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. Birlik üzvlərinin çəkdikləri əsərlər nəinki ölkəmizdə, dünyanın önəmli sənət sərgilərində yer alır.

Sonra mədəniyyət və incəsənətin inkişafına, milli irsimizin təbliği və zənginləşməsi istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə rəssam Şahin Rəsulzadə nazirliyin təşəkkürnaməsi ilə təltif edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Şahin Rəsulzadənin  yaradıcılıq kariyerasında bir neçə sərgisi açılıb. Onun milli ruh və milli kaloritin təcəssümü olan əsərlərində doğulduğu doğma Naxçıvan torpağına olan sonsuz sevgisi yer alır. 
Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək dəyərli rəsm əsərlərini qalereyaya hədiyyə etdiyi üçün və qalereyanın fondunun zənginləşdirilməsində göstərdiyi köməyə görə rəssama öz təşəkkürünü bildirib.

Sonra rəssamın  sənət dostları–Azərbaycan Respublikasının Əməkdar rəssamı  Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli  və digər çıxışçılar Şahin Rəsulzadənin yaradıcılıq yolu, əsərlərində Naxçıvan motivləri və muxtar respublikada yaradıcı insanlara göstərilən qayğıdan danışıblar.

Çıxışların ardından ənənəyə uyğun olaraq  rəssam Şahin Rəsulzadə 3 ədəd rəsm əsərini Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə edib. Sonda sərgiyə baxış keçirilib.

Nəşr edilib : 23.10.2025 10:14