Azərbaycan Bratislavada keçirilən 32-ci Xeyriyyə M...
22:52 26.11.2026
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2026, Cümə axşamı
Bakı şəhərində Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə ənənəvi “Şuşa kuboku” turniri keçirilib. Yarışda mübarizə aparan Naxçıvanın “Araz” kikboksinq klubunun idmançıları müxtəlif çəki dərəcələrində fərqlənməyi bacarıblar.
Turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən 14 yaşlı Ülvü Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal əldə edib. Yarışa hazırlıq prosesinin, məşqlərdə göstərdiyi əzmkarlığın və düzgün taktikanın nəticəsini qazandığı qələbədə görən idmançı bildirib ki, turnir onun üçün həm təcrübə, həm də özünü sınamaq baxımından əhəmiyyətli olub: “Yarış zamanı əsas diqqətimi rəqibin hərəkətlərini düzgün qiymətləndirməyə və məşqçimin verdiyi tapşırıqları yerinə yetirməyə yönəltdim. Döyüşün sonunadək mübarizə aparmaq, diqqətimi itirməmək çox vacib idi. Düşünürəm ki, kikboksinqdə həm də səbirli olmaq, düzgün qərar vermək və özünə inanmaq da böyük rol oynayır. Qızıl medal qazanmağım məni gələcək yarışlara daha həvəslə hazırlaşmağa ruhlandırdı. Qarşıma daha böyük hədəflər qoymuşam. İstəyirəm, bundan sonra daha böyük uğurlar qazanaraq Naxçıvanı layiqincə təmsil edim”.
32 kiloqram çəki dərəcəsində (2013-cü il təvəllüdlülər arasında) mübarizə aparan Adəm Cəfərov turnirdə gümüş medal qazanıb. İdmançı yarışın onun üçün maraqlı və yaddaqalan olduğunu, fərqli rəqiblərlə qarşılaşmağın döyüş təcrübəsini artırdığını bildirib. Adəm qeyd edib ki, yarışa hazırlıq müddətində məşqlərə ciddi yanaşıb, qarşılaşmalarda isə öz gücünü və bacarığını ortaya qoymağa çalışıb: “Yarışda iştirak etmək, fərqli rəqiblərlə qarşılaşmaq və döyüş təcrübəsi qazanmaq mənim üçün çox maraqlı oldu. Hər döyüşdən sonra insan özündə hansı məqamları daha da inkişaf etdirməli olduğunu görür. Mən də bu yarışda müəyyən təcrübələr qazandım və üzərində işləməli olduğum tərəfləri daha yaxşı anladım. Gələcək yarışlarda daha yaxşı nəticə göstərmək üçün məşqlərimi davam etdirəcəyəm. Əsas məqsədim növbəti turnirlərdə qızıl medal qazanmaq, daha uğurlu çıxış etmək və özümü daim inkişaf etdirməkdir”.
Oğuz Cavadlı isə “Şuşa kuboku” turnirində 45 kiloqram çəki dərəcəsində (2012-ci il təvəllüdlülər) bürünc medal qazanmağa nail olub. Oğuz bildirib ki, yarış onun üçün imkanlarını qiymətləndirmək baxımından faydalı olub. Rəqiblərlə qarşılaşmalar zamanı daha diqqətli və çevik olmağın, döyüşün gedişinə uyğun qərarlar verməyin əhəmiyyətini bir daha anlayıb: “Qazandığım medal mənim üçün növbəti yarışlara daha həvəslə hazırlaşmaq baxımından stimul oldu. Kikboksinqlə məşğul olmaq mənə çətinliklər qarşısında geri çəkilməməyi və məqsədimə çatmaq üçün əzmlə çalışmağı öyrədir. İnanıram ki, davamlı məşq və düzgün hazırlıqla gələcək yarışlarda daha yaxşı nəticələr əldə edə bilərəm”.
“Araz” kikboksinq klubunun baş məşqçisi Elvin Qoçəliyev də idmançıların çıxışını yüksək qiymətləndirib: “İdmançılarımızın hər biri yarışda öz bacarığını nümayiş etdirməyə çalışdı. Belə turnirlər yeniyetmə idmançıların təcrübə qazanması, özlərini sınaması və daha da inkişaf etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qazanılan medallar idmançılarımızın zəhmətinin nəticəsidir. İnanıram ki, qarşıdakı yarışlarda daha yaxşı nəticələr əldə edərək Naxçıvanı layiqincə təmsil edəcəklər”.
Naxçıvan təmsilçilərinin bu turnirdə qazandıqları qələbələr yeniyetmə idmançıların əzmkarlığının və məşqçi heyətinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu uğur idmançılarımız üçün növbəti böyük arenalara gedən yolda böyük motivasiya mənbəyidir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər