NAXÇIVAN :

14 Mart 2025, Cümə

Naxçıvanla bağlı Sərəncam ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizəsində mühüm addımdır

...

Naxçıvan Muxtar Respublikasında bu gün həyatın bütün sahələrində yeniləşmə prosesləri gedir, müasir infrastruktur quruculuğu aparılır. Bu xüsusda Prezident cənab İlham Əliyevin muxtar respublikanın “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası mühüm inkişaf konsepsiyası kimi diqqəti çəkir. Dövlət başçısının 2023-cü il iyunun 5-də imzaladığı Sərəncama əsasən qəbul olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bir sıra sahələrdə tərəqqinin əldə olunması məqsədilə yaşıl texnologiyalardan istifadənin təmini üçün müvafiq tədbirlərin icrasına geniş yer verilib. Belə ki, Dövlət Proqramının “Ətraf mühitin mühafizəsinin gücləndirilməsi” adlı prioritetində Naxçıvanda “Yaşıl enerji” potensialının yaradılması, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi tədbirlərinin genişləndiriləcəyi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılacağı vurğulanır...

Naxçıvanın müasir inkişafında əsas yol xəritəsi adlanan Dövlət Proqramında ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması əsas hədəflərdəndir. Məhz bu baxımdan Prezident cənab İlham Əliyevin martın 4-də imzaladığı “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam geniş imkanlar açır. Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması nəzərdə tutulur. Eyni zamanda həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bunun üçün “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb...

Diqqətə çəkmək yerinə düşər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında da iqlim dəyişikliyi ilə bağlı mübarizədə ətraf mühitin qorunması əsas məqsədlərdəndir və 1995-ci ildə bu konvensiyanı təsdiqləyən ölkəmiz də ötən illərdə üzərinə düşən vəzifələri uğurla icra edib. Bu mənada təsadüfi deyildir ki, COP29 kimi nəhəng tədbir ötən il Azərbaycanda keçirildi. Konfransda yaşıl enerjiyə keçid, havanın çirkləndirilməsinə qarşı mübarizə, ətraf mühitə atılan tullantıların azaldılması, atmosferə buraxılan karbon emmissiyalarını sıfıra endirilməsi də əsas müzakirə mövzularından oldu və respublikamızın ortaya qoyduğu güclü siyasi iradə nəticəsində mühüm tarixi qərarlar qəbul edildi. Həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lərdə yer alan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanan 5-ci prioritetin icrasının təmini, istehsalatda “yaşıl texnologiya”ların tətbiqi və bu istiqamətdə atılan addımlar da COP-a töhfə, yaşıl iqtisadiyyata keçiddə mühüm uğur göstəriciləri kimi vurğu gərəkdirir. Ölkə başçısı cari il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də müvafiq sahəyə dair sözügedən məsələyə toxundu, havanı çirkləndirən nəqliyyat vasitələrinin elektrik mühərrikli avtobuslarla əvəz olunmasını qarşıya mühüm vəzifə kimi qoydu. Sitat: “Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Ona görə biz, əlbəttə ki, bu işdə də insanların narahatlığını nəzərə alırıq”

Əminliklə demək olar ki, ölkə başçısının martın 4-də imzaladığı “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam muxtar respublikamızda nəqliyyat infrastrukturunun dövrün tələblərinə cavab verəcək şəkildə müasirləşdirilməsinə güclü təkan verəcək. Bununla iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və istifadəsinin genişləndirilməsi təmin olunacaq. Şəhərdaxili bütün marşrut xətləri üzrə elektrik mühərrikli avtobusların xəttə qoşulması ölkəmizdə ümumbəşəri ideyalar üzrə reallaşdırılan “yaşıl enerji” konsepsiyasına da mühüm töhfə verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.03.2025 18:07