Naxçıvan Muxtar Respublikasında noyabr ayının 9-n...
23:05 08.11.2024
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2024, Cümə
Ölkəmizdə idmanın inkişafı üçün dövlət səviyyəsində böyük işlər aparılır və bu işlər öz bəhrələrini verir. Bu sırada voleybol idman növünü və bu sahədə qazanılan uğurları da qeyd etmək yerinə düşər. Heç uzağa getmədən bunu muxtar respublikanın timsalında da görmək olar. Belə ki, ötən həftə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş yeniyetmə qızlar arasında “Muxtariyyət kuboku” uğrunda birincilikdə “Naxçıvan” voleybol komandasını yaxından izləmək imkanımız oldu. Yarış müddətincə böyük əzm və iradə sərgiləyən Naxçıvanın istedadlı qızlarının oyunu, doğrudan da, təqdirəlayiq idi. Onlar final matçında “Əskişəhər” komandasına cüzi fərqlə məğlub olsalar belə, yarışda əsl əzmkarlıq nümunəsi göstərdilər. Gəlin yarış boyu heyranlıqla izlədiyimiz “Naxçıvan” voleybol komandasını yaxından tanıyaq.
Komandanın baş məşqçisi Səməd Əkbəri “Şərq qapısı” qəzetinə açıqlamasında bildirdi: Komandamızın qısa zamanda qurulmağına baxmayaraq, ətrafına bacarıqlı idmançıları cəlb edə bilib. Mən 9 aydır ki, Naxçıvandayam. 2 aydır ki, qızlarımızla komanda şəkilində yarışa hazırlaşdıq. İntensiv məşqlər edir, öz üzərimizdə çalışırıq. Qızların hər biri voleybola böyük həvəs və maraqla yanaşır. Mən də onların uğurlar qazanması üçün əlimdən gələni əsirgəmirəm. Gələcəkdə komandamızı böyük nailiyyətlər gözlədiyinə əminəm. Voleybolçularımız adıçəkilən yarışda muxtar respublikanı layiqincə təmsil etdilər. Əllərindən gəldiyi qədər mübarizə apardılar. Bu onlar üçün də böyük təcrübə oldu. Final oyununu taybrekdə 2 xalla uduzmağımıza baxmayaraq, komandamız çox baxımlı oyun nümayiş etdirdi. Hər kəs voleybolçularımızı ayaq üstə alqışladı.
“Naxçıvan”ın voleybolçu qızlarından Duyğu Hüseyinova bildirdi: 4-cü sinifdən başlayaraq məndə voleybola maraq yarandı. Elə həmin gündən atletika daxil olmaqla Sədərək rayonunda məşqlərə başladım. 6-cı sinfi bitirdikdən sonra ailəmlə birgə Bakıya köçdük. “Abşeron 2” komandasına yazıldım və məşqlərimi Bakı şəhərində davam etdirməyə başladım. Elə ilk gündən etibarən komandanın əsas heyətinə daxil oldum və yarışlarda iştirak etdim. Müsahibimiz deyir ki, bu yarışlar mənə çox təcrübə qazandırdı. Qısa müddət ərzində seçimlərə də cəlb olundum. Xatırlayıram... Bakıda keçirilən çempionatlların birində Naxçıvan şəhərindən və Sədərək rayonundan dostlarım gəlmişdi və aralarında bizim baş məşqçimiz Səməd müəllim də var idi. O məni daha da həvəsləndirdi, bacaracağıma inandırdı. Mənimsə məqsədim oyunlarda qalibiyyət qazanmaq idi. Bacarıqlı voleybolçu olmaq, məqsədlərimə çatmaq üçün ciddi çalışırdım. 3 il sonra yenidən Naxçıvana qayıtdıq. Bu gün muxtar respublikada voleybolçu qızlardan ibarət komandada yer almaq mənim üçün çox qürurvericidir.
Digər müsahibimiz Sədərək rayon sakini, 17 yaşlı Gülnarə Şirəliyeva deyir ki, ilk vaxtlar məşqlərə başlayan zaman valideynlərim etiraz etdilər.Voleybola güclü həvəsim olduğunu görüb mənimlə razılaşdılar. Şəhərimizdə baş tutan yarışlarda mütəmadi olaraq iştirak edirdim. Daim bizimlə işləyən məşqçimiz Samil Hüseynova minnətdarlığımı bildirirəm. Sədərək komandası muxtar respublika yarışlarında həmişə uğurla çıxış edib. Naxçıvan yığma komandası yaranmağa başladığı zamanlar mən Bakı şəhərinə getməli oldum. Lakin buna baxmayaraq, məşqlər üçün tez-tez gəlirdim. Gülnarə deyir ki, “Muxtariyyət kuboku” uğrunda yarışda doğma Naxçıvanımızı layiqincə təmsil etmək üçün çox zəhmət çəkdik. Həftənin 2, 4, 6-cı günləri Naxçıvan şəhərində, 1, 3, 5 -ci günləri isə Sədərək rayonunda məşqlərdə olurduq. Yarışda qrup mərhələsində uğurla çıxış etdik, yarımfinal oyununda “Şərqi Zəngəzur” komandasını 3:0 hesabı ilə məğlub edərək finala çıxdıq. Final günü isə Türkiyənin köklü idman klubu olan “Əskişəhər”in 7 ildə bir arada oynayan komandasına qarşı oynadıq. Biz özümüzə inandıq, mübarizə apardıq, gözəl və maraqlı oyun keçdi. Əzmimizlə, ürəyimizlə oynadıq. Bu yarış müddəti ərzində çoxlu dostlarımız, tanışlarımız oldu. Onların bizi izləməyi, alqışlamağı, həqiqətən, çox qürurverici idi. Buradan idmana həvəsi olan həmyaşıdlarıma səslənirəm: Heç nə üçün gec deyil. Sadəcə istəyin. Voleybol artıq mənim həyatımın bir parçasıdır.
İnşallah, bundan sonrakı yarışda qələbə bizimlədir. İnanıram ki, beynəlxalq arenalarda da Naxçıvanımızı uğurla, layiqincə təmsil edəcəyik.
Gülabətin Orucovanın sözlərinə görə, müəllimlərin dəstəyi ilə voleybolla maraqlanmağa başlayıb, Babək rayonu üzrə keçirilən müxtəlif oyunlarda iştirak edib. Bu komandanın üzvü olub yarışlarda iştirak etməkdən qürur duyur. Məqsədi tanınmış bir voleybolçu olmaqdır. Sözün əsl mənasında, gələcəyin ulduzu olmaq istəyir. Ötən həftə keçirilən yarışda o həyəcanı yaşamaq ona da qismət olub. Final oyunu ona da heç vaxt ümidini itirməməyi öyrədib: Biz 2:0-dan gəldik 2:2 etdik, 5-ci setdə də 2 topla məğlub olduq. Lakin buna baxmayaraq, bu oyun bizim üçün böyük bir təcrübə oldu, bizə çox şeylər öyrətdi.
Biz də Naxçıvanın voleybol ulduzlarına uğurlar arzu edirik. İnanırıq ki, onlar gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər.
Bülbül QULİYEVA
Digər xəbərlər