Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illər iqlim dəyişikliyi və ekoloji təzyiqlər dünya miqyasında su ehtiyatlarının azalmasına səbəb olub. Bu qlobal prosesdən Naxçıvan Muxtar Respublikası da kənarda qalmayıb. Xüsusilə yarımsəhra iqlimi və məhdud su mənbələri ilə seçilən bu regionda içməli suyun davamlı və keyfiyyətli şəkildə təmin olunması həm əhali, həm də aidiyyəti qurumlar üçün prioritetlərdəndir. Məsələnin aktuallığını və mövcud vəziyyəti daha dərindən anlamaq məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsi Texniki İstehsalat şöbəsinin rəisi Elnur Behbudov ilə söhbətləşdik:
– Bildiyiniz kimi, son illərdə Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının azalması müşahidə olunur. Bu azalma hansı əsas səbəblərlə bağlıdır?
– Naxçıvan yarımsəhra iqlim qurşağında yerləşdiyi üçün su ehtiyatları, əsasən, yağıntılardan və dağlıq ərazilərdən gələn axınlardan formalaşır. Son illərdə iqlim dəyişikliyi və qlobal istiləşmə nəticəsində yağıntıların miqdarı azalmış, yay aylarında isə temperatur xeyli artmışdır. Bu amillər su hövzələrinin səviyyəsinin enməsinə səbəb olur. Buna baxmayaraq, qəza halları istisna olmaqla əhaliyə verilən içməli suda uzunmüddətli fasilələr yaranmır. Sukanal İdarəsi tərəfindən əhaliyə suyun fasiləsiz və keyfiyyətli şəkildə verilməsi üçün suyun tənzimlənməsi yüksək səviyyədə həyata keçirilir. Su xətlərinə mütəmadi baxış keçirilir, aşkar edilən nasazlıqlar operativ şəkildə aradan qaldırılır.
– Naxçıvanda su təchizatı və kanalizasiya sistemində nə qədər su itkisi baş verir və bu itkini minimuma endirmək üçün hansı tədbirlər görülür?
– Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi 2017-ci ildə başa çatdırılmışdır. Bu çərçivədə sistemlər müasir və yeni avadanlıqlarla təchiz olunmuş, bu da həm su itkilərinin azaldılmasına, həm də fasiləsiz su təminatının yaxşılaşdırılmasına şərait yaratmışdır. Hazırda şəhər əhalisi 24 saat fasiləsiz içməli su ilə təmin olunur. Su itkilərinin minimuma endirilməsi məqsədilə Sukanal İdarəsi tərəfindən mütəmadi reydlər və monitorinqlər aparılır, sudan qanunsuz istifadənin qarşısı alınır. Su xətlərinə daim nəzarət edilir, sızma və nasazlıqlar vaxtında aşkarlanaraq dərhal aradan qaldırılır.
– Su ehtiyatlarının idarə olunması ilə bağlı Sukanal İdarəsinin yaxın gələcək üçün hansı strateji planları mövcuddur? Su qənaəti ilə bağlı ictimai maarifləndirmə işləri aparılırmı?
– Əhaliyə verilən suyun ekoloji cəhətdən keyfiyyətli və fasiləsiz olması üçün su təmizləyici qurğular kompleksində mərhələli şəkildə yenidənqurma işləri aparılır. Eyni zamanda su qənaəti və sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirləri də Sukanal İdarəsinin fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə ictimaiyyətə yönəlik çağırışlar, məlumatlandırıcı materiallar və təbliğat işi davam etdirilir.
– İsti yay günlərində su qıtlığı riskini nəzərə alaraq sudan necə istifadə edilməlidir?
– Yay aylarında əhalinin suya tələbatı artır və bu dövrdə suyun səmərəli istifadəsi xüsusi əhəmiyyət daşıyır. Suyun israfının qarşısını almaq, mümkün sızmaları dərhal aradan qaldırmaq və sudan qənaətlə istifadə etmək əsas tövsiyələrimizdəndir. Hər bir vətəndaş suya məsuliyyətli yanaşmalı, şəxsi istifadədə qənaət prinsiplərinə əməl etməlidir. Bu yalnız fərdi deyil, ümumi su təhlükəsizliyinin qorunması baxımından da mühüm rol oynayır.
Onu da qeyd edək ki, Naxçıvan Şəhər Sukanal İdarəsinin gördüyü işlər bir daha göstərir ki, su ehtiyatlarının idarə olunması təkcə texniki məsələ deyil, həm də ictimai məsuliyyət tələb edən bir prosesdir. Qlobal iqlim dəyişiklikləri fonunda suya qənaət və onun səmərəli istifadəsi hər bir vətəndaşın gündəlik həyatının bir parçasına çevrilməlidir. Elnur Behbudovun da vurğuladığı kimi, su yalnız bu günün deyil, gələcəyin də strateji sərvətidir və onun qorunması üçün həm dövlət qurumlarının, həm də cəmiyyətin birgə səyi vacibdir. Sudan kənar həyat yoxdur, bu həqiqəti unutmadan hər birimiz sudan istifadəyə məsuliyyətlə yanaşmalıyıq.
Rafiq TƏHMƏZ
Digər xəbərlər