NAXÇIVAN :

14 Mart 2025, Cümə

Naxçıvanın qışı hara getdi?

...

Naxçıvan hər zaman sərt qışı, şaxtalı havası və bol qarı ilə seçilib. Lakin 2024-2025-ci ilin qış ayları bu ənənəni pozdu – qış gəldi, amma qar yağmadı. İlk baxışdan bu, adi bir hava dəyişikliyi kimi görünə bilər, əslində, bu hal həm ekoloji tarazlıq, həm kənd təsərrüfatı, həm də insan sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsində sektor müdiri Səməddin Əsgərov deyir ki, qış aylarında qar yağması təbiətin özünü tənzimləmə mexanizmlərindən biridir. O, torpağı şaxtadan qoruyur, yeraltı su ehtiyatlarını artırır və bitki örtüyünün sağlam inkişafını təmin edir. Qarın olmaması isə su çatışmazlığına, torpağın daha çox eroziyaya məruz qalmasına və ekosistemin (ekoloji tarazlığın) pozulmasına gətirib çıxarır.

Bundan əlavə, qarın yağmaması Naxçıvanın flora və faunasına da öz mənfi təsirini göstərir. Məsələn, vəhşi heyvanlar qışda qarın altına gizlənmiş yem ehtiyatlarından istifadə edirlər. Qar olmadıqda fauna növlərinin qida tapması çətinləşir və müəyyən növlərin sayının azalması baş verir. Bu da torpaqda eroziya və şoranlaşma yaratdığıdan bəzi bitkilərin məhvi ilə nəticələnə bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyininin əməkdaşı Saleh Həsənov isə deyir ki, qarın yağmaması kənd təsərrüfatı sahəsində də fəsadlara və geriləmələrə yol aça bilər. Çünki qışın necə keçməsi məhsuldarlığa birbaşa təsir göstərir. Qışın qarsız olması bahar və yay aylarında su çatışmazlığına səbəb olacaq. Çayların və su anbarlarının dolmaması yayda suvarma sistemlərinə ciddi problemlər yaradacaq.

Həmçinin qışın sərt soyuğu və qar örtüyü bir çox zərərverici həşəratların və mikroorqanizmlərin məhv olmasını təmin edir. Qarın yağmaması və temperaturun normadan isti keçməsi, yazda bu zərərvericilərin sürətlə çoxalmasına, nəticədə isə kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmasına səbəb ola bilər.

Qışın qarsız keçməsi insan sağlamlığı üçün də arzuolunmaz nəticələr doğurur. Soyuq hava, adətən, bir çox virusların, xüsusilə qrip və respirator infeksiyaların yayılmasının qarşısını alır. Qarın və şaxtanın olmaması isə virusların daha uzun müddət aktiv qalmasına şərait yaradır və epidemioloji vəziyyəti gərginləşdirir.

Bundan əlavə, atmosferin təmizlənməsi üçün qar və yağış vacib rol oynayır: toz və digər hava çirkləndiricilər havada qalır və ağciyər xəstəliklərinin artmasına səbəb ola bilir. Hətta bəzi araşdırmalara görə, qışın mülayim keçməsi allergiya və astma kimi xəstəliklərin daha çox müşahidə olunmasına gətirib çıxarır.

Qarın yağmaması, sadəcə, hava şəraitindəki dəyişiklik deyil, bu, ekosistemin, kənd təsərrüfatının və insan sağlamlığının gələcəyi üçün təhlükəli bir siqnaldır. İqlim dəyişiklikləri artıq Naxçıvan kimi qışı sərt keçən bölgələrdə də öz təsirini göstərir. Bu isə bizə təbiəti qorumaq, su ehtiyatlarımızdan səmərəli istifadə etmək və ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün daha ciddi addımlar atmalı olduğumuzu göstərir. Qışın qarsız keçməsi, bəlkə də, ilk baxışdan xoş görünə bilər, amma unutmayaq ki, təbiətin hər hadisəsi bir məqsədə xidmət edir.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 10.02.2025 14:52