NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanın qəhrəman oğullarının döyüş yolu – Qələbəyə aparan şərəfli salnamə

...

Tarix boyunca xalqımızın mübarizə ruhu, Vətənə olan sonsuz sədaqəti və heç vaxt sönməyən azadlıq eşqi müstəqilliyimizin və ərazi bütövlüyümüzün müdafiəsi yolunda yeni səhifə açdı. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın hər bir bölgəsindən minlərlə igid oğlu, xüsusilə Naxçıvan Muxtar Respublikasının qəhrəman oğulları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şücaət, fədakarlıq və vətənpərvərlik nümunəsi göstərərək Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirdilər və adlarını tarixə qızıl hərflərlə yazdılar. Qarabağı heç görməyən Naxçıvanın vətənpərvər oğulları dolub-daşan qisas duyğusu ilə işğal altındakı torpaqların azadlığı uğrunda döyüşlərdə cəsarət və qəhrəmanlıq nümunələri göstərdilər.

Müharibənin ilk günlərindən etibarən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbçiləri Vətən müharibəsinin ən qaynar nöqtələrində – Füzuli, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində düşmənin hakim mövqelərinə qarşı hücumlarda iştirak edərək, çətin relyefli, daşlı-qayalı yollar və soyuq hava şəraitində tapşırıqları uğurla icra etdilər. Füzuli şəhərinin, Ağtəpə, Edilli, Cuvarlı, Çiraduz, Kəmərtük kəndlərinin, eləcə də, Daşaltı, Ağkənd, Çanaqçı yaşayış məntəqələrinin azad edilməsində onların rolu xeyli böyük idi. Bu ərazilərin təmizlənməsi nəticəsində 4 noyabr Şuşa-Laçın, 5 noyabr isə Xankəndi-Şuşa yolları kəsilərək, Şuşa şəhərinin azadlığına yol açıldı. 7 noyabrda naxçıvanlı hərbçilərin də iştirakı ilə ordumuz sıldırım qayalıqları cəsarətlə dırmaşaraq, ağır döyüş şəraitində yüngül silah-sursatla Şuşanın azadlığı uğrunda qəhrəmancasına mübarizə apararaq şəhərə daxil oldular. Bu əzmlə dolu yolu keçərkən onların göstərdiyi misilsiz fədakarlıq, dözüm və Vətənə sədaqət hər bir daşı qanla, tərlə yoğrulmuş Şuşa qələbəsinin parlaq səhifəsini yazmışdır. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və Azərbaycanın üçrəngli Dövlət Bayrağı qəhrəman əsgərlərimizin əzmi ilə şəhərin mərkəzində qürurla ucaldıldı.

Vətən müharibəsi naxçıvanlılar üçün təkcə döyüş deyil, həm də şəhadət zirvəsinə yüksəlmək yolu idi. Bu müharibə Naxçıvanda hər bir qapını döydü. Evlərdən qələbə sevinci ilə yanaşı, şəhid xəbərləri də gəldi. Hamı eyni Vətən arğısını, eyni qüruru yaşadı. Hər evdə bir xatirə, bir şəkil, bir dua qaldı - bu torpaqların azadlığı uğrunda verilən qurbanların sükuta qərq olmuş şahidi kimi.

44 günlük müharibədə Naxçıvan Seymur İbrahimov, Ceyhun Dünyamalıyev, Hüseynov Raqib, Nicat Məmmədli, Cəfərov Ülvi, Orucov Elşən, Səfərov Qəşəm, Aslan Mirzəyev, Firuz Qüreyşli, Arif Abbaslı, Adil İbrahimli, Allahyar Telmanlı, Məmmədhəsən Sadiqli, Məmmədov Toğrul, İbrahim Əliyev, Vüqar Əsgərov, Elnur Zeynalov, Seymur Cabbarov və bu kimi onlarla igid oğullarını şəhid verdi. Döyüşlərdə rəşadət və şəxsi igidlik göstərib, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən ali məqama yüksəlib şəhid adını qazanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən şəhid leytenant Vəli Kamal oğlu Quliyev xüsusi fərqlənmişdir. O, 1997-ci il avqustun 30-da Culfa rayonunun Qazançı kəndində sadə bir ailədə anadan  olub. 2003-2009-cu illərdə Qazançı kənd orta məktəbində, 2009-2011-ci illərdə A.Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki hərbi instiutut) aldığı ali hərbi təhsilini başa vuraraq  Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” hərbi hissəsində xidmətə başlamışdır. Quliyev Vəli II Qarabağ müharibəsi başlayan zaman “Aslanlar bölüyü” adlandırdığı bölüyü ilə birlikdə Hadrut döyüşlərindən sonra Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərib. O, döyüş meydanında əsl döyüşçü nümunəsi nümayiş etdirərək hər zaman əsgərlərinin önündə irəliləyirdi. Vətənpərvərliyi, cəsarəti, döyüş bacarığı və qorxmazlığı ilə seçilən qəhrəmanımız hər zaman bir arzusunu dilə gətirərdi: “Sinəmdə daşıdığım bu bayrağı Şuşaya sancmayanadək mənə durmaq olmaz!” Lakin o bu arzusuna çata bilmir. 2020-ci il oktyabrın 22-də gedən ağır döyüşlərdə düşmənin atdığı mərmi nəticəsində Vəli Quliyev şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarının birində “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”  ifadəsini səsləndirməsi naxçıvanlı hərbçilərin Vətən müharibəsindəki danılmaz rolunu bir daha vurğulayır.  Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri şücaətə görə Prezident İlham Əliyevin müvafiq qərarları əsasında “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına  layiq görülüb, müxtəlif orden və medallarla təltif ediliblər.

Vətən müharibəsindəki döyüş yolunda naxçıvanlı oğullar vətənpərvərlik ruhunu qanlarında daşıyaraq, Qarabağ torpağında tarix yazan qəhrəmanlardan oldular. Göstərdikləri cəsarət, mətanət və Vətənə sədaqət gələcək nəsillərə vətənpərvərlik və qəhrəmanlıq dərsi oldu. Şuşaya qədər uzanan bu şərəfli yol, naxçıvanlı oğulların Vətən uğrunda göstərdikləri misilsiz fədakarlıq, birlik və mübarizəsinin parlaq sübutudur.

Ruhunuz şad olsun, şəhidlər! Qarabağın azadlığı, Vətənimizin bütövlüyü rəşadətinizin bəhrəsidir. Sizin qanınızla yazılan  qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.

Qələbəmiz əbədi, şəhidlərimizin ruhu daim uca olsun!

Gülxanım ƏLİYEVA

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 14.10.2025 12:12