NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Naxçıvanın kitab ruhu – M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası

...

Deyirlər, kitablar insan mənəviyyatının qidasıdır. Bəzən insan öz taleyini bir şairin misrasında, bəzən isə bir hekayənin son  cümləsində tapır. Bir kitab bütöv bir həyat hekayəsini gizli xəzinə kimi öz daxilində sıxıb saxlayır... Bəs minlərlə kitabların saxlanıldığı kitabxanalar? Min kitab və min talenin qaranlıq rəflər arasından işıqlı gözlərin zilləndiyi həmin yerlərdəndir...  Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da həmin məkanlardan biridir. Mən də Naxçıvanın ədəbiyyat ruhu ilə zənginləşmiş bu məkan ilə daha yaxından tanış olmaq üçün üz tutdum Naxçıvan sakinlərinin “Mərkəzi Kitabxana” adı ilə tanıdığı Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına. Kitabxananın girişindəki dəhlizdə bizi Elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova qarşıladı. O, kitabxananın qədim tarixindən danışarkən 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edildiyini, 1930-cu ildə isə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradıldığını qeyd etdi. 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunub və kitabxananın təşkil etdiyi səyyar kitabxana Naxçıvan şəhəri ilə yanaşı, ətraf kəndləri də əhatə edib. 1947-ci ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.

Daha sonra “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 2012-ci il 19 aprel tarixdə müvafiq Sərəncam imzalanıb və həmin Sərəncamla kitabxananın bazasında Elektron Kitabxana yaradılıb.

İçəri addımlayarkən ilk olaraq qeydiyyat bölməsi ilə qarşılaşırıq. Yeganə Rüstəmovanın sözlərinə görə, əsasən, oxucular ilk qeydiyyat bölməsinə müraciət edirlər. Bu zaman ənənəvi və ya elektron qaydada qeydiyyat götürülür.

Daha sonra biz Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbələri ilə daha yaxından tanış olduq. İlk olaraq Abonement şöbəsinə yaxınlaşırıq. Şöbənin müdiri Nərmin Allahverdiyeva öz sözlərində qeyd edir ki, kitabxananın Abonement şöbəsi sərbəst rəf üsulu ilə işləyir və qeydiyyatdan keçildikdən sonra oxucu formulyarı açılır. Oxucu formulyarında oxucuya müvafiq olan nömrə verilir və tarix qeyd edilir.

Qaydalara əsasən evə aparması üçün bir oxucuya 5 kitabdan artıq verilə bilməz. Kitabın qalma müddəti kitabın qalınlığından asılıdır. Günün sonunda isə gələn oxucu sayı və hansı ədəbiyyatlardan istifadə olunduğunun qeydi aparılır. Yeganə xanım, həmçinin qeyd etdi ki, gün ərzində gələn oxucuların sayı imtahan mövsümündə daha da çoxalır.

Sonra kitabxananın Komplekləşdirmə şöbəsinə üz tutduq. Burada bizi biblioqraf Nəzmiyyə Həsənova qarşıladı. O bizə şöbənin fəaliyyəti haqqında məlumat verərək kitabxanaya daxil olan bütün çap məhsullarının ilk olaraq komplekləştirmə şöbəsinə daxil olduğunu, hər bir kitabın isə qoşma sənədə baxılaraq yoxlanıldığını qeyd edir. Göndərilən kitablarda hər hansı bir səhvlik olduqda müəlliflə əlaqə saxlanılır. Hər bir kitab elm sahəsinə görə ayrıldıqdan sonra inventar kitabına işlənilir. Oxucuların daha tez və asan əlçatanlığını təmin etmək üçün “Prolib” proqramından istifadə olunur. Kitabların qiymətləri onun hansı elm sahəsinə aid olması və oxucuyu cəlb etmə funksiyasından asılıdır. Kitab itirildiyi halda kitabın qiymətinin 10 qatı məbləğində pul cəzası tətbiq olunur, yaxud həmin kitabı əvəz edə biləcək bir kitab tələb olunur. Sonra biz Kitabsaxlama şöbəsi ilə tanış olduq. Şöbə müdiri Xurşud Budaqova öz sözlərində qeyd etdi ki, Kitabsaxlama şöbəsi, əsasən, kitabxananın dayağı hesab olunur. Çünki kitabsız bir kitabxana düşünə bilmərik. Kitablar oxucuların istəyinə görə evə verilə bilir. Lakin ictimai-siyasi kitabların əksəriyyəti, ensiklopediya və lüğətlər evə verilə bilməz. Daha sonra biz Kitabişləmə və kataloqlaşdırma şöbəsinə gəldik. Şöbənin müdiri Əzizə Süleymanzadənin sözlərinə görə, şöbəyə daxil olan bütün audiomateriallar elmi və texniki cəhətdən işlənilir. Sonra isə müvafiq olaraq biblioqrafik proseslərin avtomatlaşdırılması şöbəsinə, oradan isə kitabxananın fonduna təhvil verilir. Kitabların sistemli şəkildə işlənilməsi, müəllif işarəsinə görə bölünməsi axtarılan kitabın daha asan tapılmasına gətirib çıxarır. Texniki cəhətdən işlənmə kitabxanaçı ilə oxucu arasında münasibəti, elmi cəhətdən işlənmə isə oxucu ilə kitab arasında münasibəti asanlaşdırır. Kitabxanada ənənəvi qayda ilə yanaşı, elektron qaydadan da istifadə olunur. Müasir dövrdə oxucular, əsasən, bədii ədəbiyyat, yaxud psixologiya sahəsində kitablar oxuyur. Oxucu sayında azlıq təşkil edən kitablar isə tarixi romanlardır.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında diqqətçəkən şöbələrdən biri də Musiqi-not şöbəsidir. İçəri daxil olarkən oxuculardan biri Vasif Adıgözəlovun “Bakı” mahnısını fortepianoda ifa edirdi. Doğrusunu desəm, bir kitabxanada belə bir imkan olması bizi heyrətləndirdi. Musiqi-not şöbəsinin müdiri Nailə Rəhimli bizi şöbənin fəaliyyəti haqqında məlumatlandırdı. Musiqi-not şöbəsi adından da göründüyü kimi, musiqi ədəbiyyatımızı təbliğ edir. Məqsədi oxucuları milli musiqimizlə, eləcə də dünya ölkələrinin musiqi mədəniyyəti ilə tanış etməkdir. Musiqi-not şöbəsində oxuculara operativ şəkildə xidmət göstərilir. Bu şöbədə bəstəkarların və musiqiçilərin həyat və yaradıcılığını əks etdirən sərgilər də təşkil olunub. Burada olarkən görkəmli bəstəkar, professor Tofiq Bakıxanovun 95 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunmuşdu. Daha sonra Metodika və biblioqrafiya şöbəsi ilə tanış olduq. Şöbənin müdiri Fəridə Ələsgərovanın sözlərinə görə, bu şöbə kitabxanaların qabaqcıl iş təcrübəsinin öyrənilməsini ümumiləşdirərək kitabxana daxilində və digər yerlərdə tətbiq edilməsini təşkil edir. Metodika və biblioqrafiya şöbəsinə daxil olan dövri mətbuat materialları kitabxana biblioqrafiya təsnifatına uyğun şəkildə işlənir və elm sahələri üzrə kataloq qutularına yerləşdirilir. Həmçinin şöbədə tərtib edilmiş Naxçıvanşünaslıq-diyarşünaslıq kartotekası kitabxanaya daxil olan qəzet və jurnal materialları əsasında mütəmadi olaraq yenilənərək oxucuların istifadəsinə verilir.

Kitabxananın birinci mərtəbəsi ilə tanış olduqdan sonra binanın 2-ci mərtəbəsində yerləşən oxu zalına yollandıq. Bu kitabxanada iki tip oxu zalı fəaliyyət göstərir. Bunlar ənənəvi və elektron oxu zallarıdır. Ənənəvi oxu zalına daxil olarkən burada oxucular üçün sakit, nizamlı mühitin  yaradıldığını müşahidə edirik. Zal geniş və işıqlıdır. Oxucuların rahat çalışması üçün bütün şərait mövcuddur. Oxu zalında müxtəlif yaş qruplarından olan oxuculara rast gəlmək olar. Onlar, əsasən, səssiz şəkildə kitab və jurnallarla tanış olur, bəziləri isə öz qeydlərini aparırdı. Oxucular kitabxananın qaydalarına riayət edir, bir-birilərinə mane olmadan çalışırdılar. Burada diqqətimizi çəkən bir məqam da oxu zalında ədəbi şəxsiyyətlərin yubileylərinə həsr olunan sərgilər təşkil olunması idi. Ulu Öndər Heydər Əliyevin 102 illik, kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120, dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəylinin 140, şair, maarifçi Seyid Əzim Şirvaninin 190, şair Fikrət Qocanın 90, yazıçı və kinodramaturq Maqsud İbrahimbəyovun 90 və cümhuriyyətin ilk Nazirlər Kabinetinin sədri Fətəli Xan Xoyskinin isə 150 illik yubileylərinə həsr olunmuş bu sərgilər hər bir oxucuda maraq doğururdu. Digər otaqda isə kompüterlərlə təchiz olunmuş elektron oxu zalında müasir texnologiyalardan istifadə imkanları yaradılıb. Burada oxucular kompüterlər vasitəsilə elektron resurslara əlçatanlığı təmin olunub. İnternetə çıxış oxucuların məlumat axtarışını daha da asanlaşdırır.

Alman filosofu Qotfrid Leybtnis deyir ki, kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Hər bir kitabxana kitabları himayəsində yaşadan balaca bir dünyadır. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da sözlə nəfəs alan kitablara ev sahibliyi edir. Oxucularda çox xoş təəssüratlar yaradan bu kitabxana dövrümüzdə texnologiyanın inkişafı ilə günbəgün yenilənir. Kitabxananın rəfləri arasında gəzdikcə insan öz içindəki səssiz düşüncələrlə qarşılaşır. Hər yeni kitab bir ümid pəncərəsi açır. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvanın döyünən ürəyi kimidir. Naxçıvanda belə bir kitabxana olmağı oxucuların öz daxili dünyalarını kəşf etmələri üçün böyük fürsətdir.

Aysu FƏTƏLİYEVA

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 11.01.2026 10:10