NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Naxçıvanın enerji sistemi yenidən qurulur

...

Azərbaycan Respublikası Prezidentinin  2024-cü il 23 noyabr tarixli Fərmanına uyğun olaraq “AzərEnerji” tərəfindən Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində mühüm addımlar atılır.

"Şərq qapısı" xəbər verir ki, hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan istismar müddətini keçmiş bir neçə yarımstansiya sökülərək yenidən tikilir. Belə ki, 154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq “Çeşməbasar” və 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyaları sökülərək tam yenidən tikilir. Həmçinin Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır.

Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.Bununla yanaşı, “AzərEnerji” tərəfindən Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də ciddi işlər aparılır. 

Muxtar respublikanın ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri “AzərEnerji” tərəfindən sökülərək yenidən qurulur. İlkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” yüksəkgərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə, 68 km məsafədə yenidən çəkilir. 
“AzərEnerji” tərəfindən Naxçıvan Muxtar Respublikasında 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır.

Nəşr edilib : 19.09.2025 10:56