Dövlət Vergi Xidməti maarifləndirici bukletlər haz...
15:34 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikasında təhsilin rəqəmsallaşdırılması istiqamətində aparılan işlər çərçivəsində elektron imtahan infrastrukturunun genişləndirilməsi yolunda mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə bölgədə 3 yeni imtahan mərkəzi yaradılıb. Yeni yaradılan imtahan mərkəzləri Naxçıvan şəhər 10 və 11 nömrəli tam orta məktəblərdə, həmçinin Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərəcək. Müasir maddi-texniki baza ilə təmin olunan bu mərkəzlərdə, ümumilikdə, 418 təhsilverənin imtahan verməsi üçün şərait yaradılıb. Belə ki, Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə 108, 11 nömrəli tam orta məktəbdə 150, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində isə 160 yerlik imtahan mərkəzləri yaradılıb. Bununla yanaşı, artıq fəaliyyət göstərən 302 yerlik Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdəki mərkəz də nəzərə alınmaqla, ümumilikdə, eyni anda 720 təhsilverənin imtahan verməsi mümkün olacaq.
Mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramovla həmsöhbət olduq. O bildirdi ki, muxtar respublikada keçirilən sertifikatlaşdırma və müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirakçı sayının ildən-ilə artması əlavə imtahan infrastrukturunun yaradılmasını zəruri edib. Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək sertifikatlaşdırma prosesində 2770-dən artıq müəllimin iştirakı nəzərdə tutulub və mövcud mərkəzlərin tutumu bu tələbatı tam qarşılamadığından yeni mərkəzlərin yaradılmasına ehtiyac yaranıb.
Şöbə müdiri qeyd etdi ki, layihənin əsas məqsədi imtahan prosesinin daha səmərəli, operativ və şəffaf şəkildə təşkilini təmin etmək, eyni zamanda iştirakçılar üçün daha rahat və əlverişli mühit yaratmaqdır. Bu tədbirlər nəticəsində imtahan mərkəzlərində sıxlığın azaldılması, iştirakçıların daha uyğun şəraitdə imtahan verməsi və ümumilikdə, prosesin şəffaflığının artırılması hədəflənir. Diqqətə çatdırılıb ki, yeni yaradılan mərkəzlər müasir texnologiyalar əsasında qurulub və elektron imtahan sisteminin geniş tətbiqinə imkan verir. Bu isə təhsil sistemində rəqəmsallaşmanın sürətlənməsinə, məlumatların operativ idarə olunmasına və nəticələrin daha qısa müddətdə açıqlanmasına şərait yaradır. Eyni zamanda imtahan prosesində vahid standartların tətbiqi təmin olunur.
Məmməd Bayramov vurğulayıb ki, yeni mərkəzlər əvvəlki imtahan proseslərindən öz müasir yanaşması ilə fərqlənir. Belə ki, imtahan prosesi tam elektronlaşdırılıb, kağız daşıyıcılardan istifadə aradan qaldırılıb. Bütün məlumatlar vahid elektron sistem üzərindən idarə olunur və hər bir namizədin nəticələri onun fərdi portalında əks etdirilir. Bu yanaşma insan faktorunun təsirini minimuma endirir, texniki və inzibati səhvlərin qarşısını alır, nəticələrin daha operativ təqdim olunmasına imkan yaradır.
O, bildirdi ki, elektron imtahan sisteminin tətbiqi şəffaflığın təmin olunmasında mühüm rol oynayır. İmtahan prosesi kameralar vasitəsilə fasiləsiz izlənilir və qeydə alınır, hər hansı neqativ hal baş verdikdə yerində müdaxilə imkanı mövcud olur. Eyni zamanda nəticələrin avtomatlaşdırılmış qaydada hesablanması insan müdaxiləsini minimuma endirərək obyektivliyi artırır. Texniki baxımdan isə mərkəzlərin müasir standartlara uyğun şəkildə təchiz olunduğu bildirilib. Belə ki, mərkəzlərdə yeni kompüterlər quraşdırılıb, fasiləsiz elektrik təminatı məqsədilə generatorlar istifadəyə verilib. Həmçinin müşahidə kameraları və nəzarət mexanizmləri qurulub, sabit və sürətli internet bağlantısı təmin edilib. Bu isə imtahan prosesinin təhlükəsiz, fasiləsiz və yüksək keyfiyyətlə keçirilməsinə imkan yaradır.
Şöbə müdiri əlavə edib ki, yeni mərkəzlərdə iştirakçılar üçün hərtərəfli şərait yaradılıb və müəllimlər müasir avadanlıqlarla təmin olunmuş rahat mühitdə imtahan verəcəklər. Elektron format vaxt itkisini azaldır və nəticələrin daha tez əldə olunmasına şərait yaradır. Gələcəkdə isə artan iştirakçı sayını nəzərə alaraq növbəti illərdə imtahan mərkəzlərinin sayının və tutumunun artırılması nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər təhsil sisteminin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Qeyd edək ki, cari ildə Naxçıvan Muxtar Respublikasında əlavə olaraq 3 yeni imtahan mərkəzinin yaradılması nəticəsində, ümumilikdə, eyni anda 720 nəfərin imtahan verməsi üçün şərait təmin olunub. Yaxın günlərdə 2-3 may və 10-11 may tarixlərdə təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə və yeni yaradılan mərkəzlərdə təşkili nəzərdə tutulur. Ümumilikdə, 2779 müəllimin iştirakı gözlənilən bu proses yeni yaradılmış infrastrukturun səmərəliliyinin praktik göstəricisi olacaq.
Zəhra VƏLİYEVA
Digər xəbərlər