Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qız...
21:14 18.10.2026
0
0
0
NAXÇIVAN :
19 Oktyabr 2026, Bazar ertəsi
Cari il ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elan edilmiş “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsi, “Zərifə xanım Əliyeva – elmə, insanlığa, Vətənə xidmət nümunəsi” mövzusunda müsabiqə, eləcə də “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda rəsm və dekorativ-tətbiqi sənət üzrə yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhərində yerləşən “Naxçıvan Sarayı”nda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə komitə sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması tarixi-mədəni irsin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin yaradıcı təfəkkürünün və vətənpərvərlik hisslərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Ramilə Seyidova qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin siyasi xətti və ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərdiyi dəstək və diqqət də xüsusi qeyd olunmalıdır.
Müsabiqələrin nəticələri barədə məlumat verən komitə sədri bildirib ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən XIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinə yazı nominasiyası üzrə 61 esse, rəsm nominasiyası üzrə 50 rəsm əsəri, dekorativ-tətbiqi sənət nominasiyası üzrə isə 28 əl işi olmaqla, ümumilikdə, 139 iş təqdim olunub. “Zərifə xanım Əliyeva – elmə, insanlığa, Vətənə xidmət nümunəsi” mövzusunda keçirilən müsabiqəyə 277 esse, “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda keçirilən müsabiqəyə isə 65 rəsm əsəri və 40 dekorativ-tətbiqi sənət nümunəsi olmaqla, ümumilikdə, 105 əl işi təqdim edilib. Beləliklə, cari il ərzində keçirilən müsabiqələrə, ümumilikdə, 521 iş təqdim olunub.
Sonda Ramilə Seyidova qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva isə çıxışında bu cür yaradıcılıq müsabiqələrinin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, müsabiqələrin iştirakçılara öz bacarıqlarını nümayiş etdirmək, milli-mənəvi dəyərlərimizi yaradıcılıq vasitəsilə ifadə etmək imkanı yaratdığını vurğulayıb. O, müsabiqə qaliblərini təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Müsabiqənin qaliblərindən Babək rayon Vayxır kənd tam orta məktəbinin Uşaq Birliyi Təşkilatının rəhbəri Şəhla Vəliyeva da çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra cari il ərzində komitə tərəfindən elan edilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimində I, II və III yerlərin, eləcə də həvəsləndirici nominasiyaların qalibləri olmaqla, ümumilikdə, 55 nəfər mükafatlandırılıb.
Sonda müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib və xatirə şəkli çəkdirilib.
Digər xəbərlər