NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib

...

15 sentyabr – Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təkvalideynli, sağlamlıq imkanları məhdud, qazi övladı, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlarla görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək uşaqları 15 sentyabr – Bilik Günü münasibətilə təbrik edib. Komitə sədri bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq siyasətinin nəticəsidir ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı və diqqət göstərilir.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da öz fəaliyyəti çərçivəsində uşaqlara göstərilən diqqət və qayğını daim prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir.
Qəzənfər Abdullayev qeyd edib ki, ötən dövr ərzində 2119 nəfər şəhid və qazi övladına, sosial qayğıya ehtiyacı olan uşaqlara, həmçinin internat məktəbində təhsil alan 214 nəfər şagirdə məktəbli geyimləri, dərs ləvazimatları və müxtəlif hədiyyələr təqdim edilib. Ümumilikdə isə 613 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün Ağbulaq İstirahət Mərkəzində istirahət və yay düşərgələri təşkil olunub.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev çıxış edərək bildirib ki, uşaqların keyfiyyətli təhsilə çıxışının təmin olunması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan ailələrdən olan uşaqların təhsil prosesinə bərabərhüquqlu şəkildə cəlb edilməsi, onların təhsildən yayınmasının qarşısının alınması və məktəbə hazırlıq imkanlarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Görüşün sonunda uşaqlara hədiyyələr – məktəbli geyimi, məktəbli çantası və ayaqqabı təqdim olunub.
Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da silsilə görüşlər keçirilib və ümumilikdə, təşkilatçılar tərəfindən xüsusi kateqoriyadan olan 115 uşağa məktəbli geyimi, məktəbli çantası və ayaqqabı təqdim olunub.

Nəşr edilib : 11.09.2026 17:45