NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində 40 mindən çox xidmət göstərilib

...

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 30 min 121 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 40 min 897 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
"Asan imza" sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergiödəyicisinə arayışların verilməsi;
Vergiödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Cari ilin yanvar-avqust aylarında vergi ödəyicilərinə 663 min 309 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 77 görüş keçirilib, 323 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2318 müraciət üzrə 4133  "Asan imza" sertifikatı verilib.

Nəşr edilib : 09.09.2025 11:48