NAXÇIVAN :

10 May 2026, Bazar

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı baş tutub. Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir mayın 10-da “Saat Meydanı” Turistik İstirahət Mərkəzinin ərazisində təşkil olunub.
Açıq havada keçirilən konsert proqramı həm şəhər sakinləri, həm də şəhərin qonaqları üçün əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Gecədə Naxçıvan Dövlət Filarmoniyasının peşəkar solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış simaları çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və sevilən ifaçı Şəmistan Əlizamanlı öz zəngin repertuarları ilə bayram gecəsinə rəng qatıblar.
Proqram çərçivəsində səsləndirilən milli musiqilər, muğam inciləri və müasir bəstəkarların əsərləri Azərbaycanın zəngin mədəni irsini bir daha nümayiş etdirib. Müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunan konsert yüksək zövqlə hazırlanan musiqi bayramına çevrilib. Bu möhtəşəm gecə həm milli-mənəvi dəyərlərimizə sadiqliyin, həm də Ümummilli Liderin əziz xatirəsinə bəslənən sonsuz ehtiramın parlaq ifadəsi olub.

Səmayə RƏSULOVA

Nəşr edilib : 10.05.2026 22:15