Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Pa...
11:23 27.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Naxçıvan şəhərində fəaliyyətə başlayan yeni tikiş fabrikinin qapısından içəri daxil olan kimi insanı tamam başqa bir mühit qarşılayır. Burada hər şey hərəkətdədir. Bir tərəfdə parçalar diqqətlə kəsilir, digər tərəfdə tikiş maşınlarının fasiləsiz səsi eşidilir. Əməkdaşlar öz iş yerlərində böyük məsuliyyətlə çalışır. Hər kəs eyni məqsəd uğrunda birləşib keyfiyyətli məhsul istehsal etmək və Naxçıvanda yerli istehsalın inkişafına töhfə vermək üçün səy göstərir.
“Naxçıvan Tikiş” ASC və “Pozitif” MMC-nin birgə əməkdaşlığı nəticəsində fəaliyyətə başlayan fabrik müasir texnologiyalarla təchiz olunub. Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı müəssisədə istehsal prosesinin hər mərhələsi dəqiqliklə həyata keçirilir. Kəsim bölməsindən başlayan yol tikiş sahəsinə, oradan keyfiyyət yoxlanışına və qablaşdırma mərhələsinə qədər davam edir.
Fabriki gəzərkən əməkdaşların işə necə həvəslə yanaşdıqları diqqətdən yayınmır. Tikiş maşınlarının ritmik səsi fonunda hər kəs öz vəzifəsini böyük məsuliyyətlə yerinə yetirir. Bir neçə dəqiqə əvvəl, sadəcə, parça olan material qısa müddət sonra səliqəli şəkildə hazırlanmış geyimə çevrilir.
Digər maraqlı məqam isə müəssisənin nəzdində fəaliyyət göstərən mağazadır. Bura istehsal olunan məhsulların nümayiş olunduğu xüsusi məkanlardan biridir. Rəflərdə düzülən müxtəlif geyimlər fabrikin imkanlarını əyani şəkildə göstərir. Hazırlanan məhsullara baxdıqca onların arxasında dayanan zəhməti görməmək mümkün deyil.
İnzibati direktor Meydan Həsənovun sözlərinə görə, fabrikin tarixi ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildən fəaliyyət göstərən müəssisə uzun illər ərzində qazandığı təcrübəni bu gün müasir istehsal texnologiyaları ilə birləşdirərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Fabrik yalnız istehsal müəssisəsi kimi deyil, həm də məşğulluğun artırılmasına xidmət edən mühüm layihə kimi qiymətləndirilir. Hazırda müəssisədə 60 nəfər çalışır. Rəhbərlik yaxın gələcəkdə işçi sayını 150 nəfərə çatdırmağı planlaşdırır.
Müəssisənin gələcək hədəfləri də ən az bugünkü fəaliyyəti qədər böyükdür. Marketinq departamentinin direktoru Xanım Tarverdiyeva bildirir ki, yaxın illərdə fabrikdə cins geyimlərinin istehsalına başlanılması nəzərdə tutulur. Bu məqsədlə yeni istehsal sahələri yaradılacaq, müasir texnologiyalar tətbiq olunacaq. Beləliklə, parçalar yalnız tikilməyəcək, onların yuyulması, qurudulması və emalı da burada həyata keçiriləcək. Hər yeni layihə yeni iş yerləri, yeni imkanlar və yüzlərlə insanın gələcəyə daha böyük ümidlə baxması mənasına gəlir.
Tikiş maşınının arxasında əyləşən Aysel Orucova ilə söhbətimizə davam etdik. O bu sahədə uzun illərin təcrübəsinə malikdir. Müasir və avtomatik avadanlıqların işlərini daha da asanlaşdırdığını deyən həmsöhbətimiz peşəsinə olan sevgisini gizlətmir.
Aysel xanımın sözlərində peşəsinə bağlılıq, baxışlarında isə gələcəyə inam hiss olunur. Onun kimi onlarla əməkdaş üçün bu fabrik, sadəcə, iş yeri deyil, həm də arzularını reallaşdırdıqları, zəhmətlərinin bəhrəsini gördükləri bir məkandır. Fabrikin istehsal xəttində hər gün onlarla məhsul hazırlanır, amma burada yaranan ən qiymətli dəyər insanların öz əməyinə və gələcəyinə olan inamıdır.
Fabrikdən ayrılarkən istehsal prosesi əvvəlki ritmi ilə davam edirdi. Belə müəssisələrin fəaliyyətə başlaması isə təkcə yerli istehsalın inkişafına deyil, həm də yeni iş yerlərinin yaradılmasına və regionun iqtisadi potensialının güclənməsinə mühüm töhfə verir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər