NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

Naxçıvanda taxıl biçininə hazırlıqla bağlı ilk iclas keçirilib

...

Naxçıvan Muxtar Respublikasında taxıl biçininin mütəşəkkil həyata keçirilməsini təmin etmək məqsədilə muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, mayın 29-da Mərkəzi Qərargahın ilk iclası keçirilib. İclasda kənd təsərrüfatı naziri Rafail Quliyev qeyd edib ki, qərargah cari ildə muxtar respublikada taxıl biçininin vaxtında həyata keçirilməsi, məhsulun itkisiz yığılaraq anbarlara daşınması, həmçinin biçindən sonra tələb olunan aqrotexniki tədbirlərin görülməsini təmin etmək məqsədilə yaradılıb.
Mərkəzi Qərargahın rəhbəri, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov 2025-ci ilin məhsulu üçün taxıl əkininə dair statistik faktları, o cümlədən biçin prosesinə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ilin məhsulu üçün Naxçıvan Muxtar Respublikası üzrə, ümumilikdə, 17 581 hektar sahədə taxıl əkinləri həyata keçirilib ki, bunun da 16 946,5 hektarını payızlıq, 634,5 hektarını isə yazlıq əkinlər təşkil edir. Aparılan əkinlərin 8 275,6 hektarı buğda, 9 305,7 hektarı isə arpa əkinləridir.
“Taxıl biçininə muxtar respublika üzrə 77 ədəd saz vəziyyətdə taxılbiçən kombaynlar cəlb ediləcək”, – deyən Məhəmməd Zeynalov kombaynların 64 ədədinin fiziki şəxslərdə, 4 ədədinin nazirliyin “Naxçıvan Toxumçuluq” Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında, 9 ədədinin isə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olduğunu qeyd edib. Həmçinin “Naxçıvan Aqroservis” ASC tərəfindən biçin qiymətinin ötən il olduğu kimi, bu il də bir hektar üçün 50 manat məbləğində müəyyən edildiyi nəzərə çatdırılıb.
İclasda “Naxçıvan Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini Həzi Həsənovun, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi Mirtaleh Seyidovun, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin İstehsal və xidmət statistikası şöbəsinin müdir müavini Məhərrəm Məmmədovun çıxışları dinlənilib, zəruri məsələlər qeyd edilib. Biçin və ondan sonrakı dövrdə taxıl sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin önəminə diqqət çəkilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən əkin yerinin yandırılmasına görə, fiziki şəxslərin dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslərin isə beş min manatdan altı min manatadək məbləğdə cərimə edilməsinin nəzərdə tutulduğu bildirilib.
Sonra taxıl biçininə hazırlıqla bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. 
Nazir Rafail Quliyev biçin gedişatının gündəlik olaraq nəzarətdə saxlanılması və qarşıya çıxan problemlərin operativ şəkildə həlli istiqamətində tapşırıq və tövsiyələrini verib, qarşıdakı dövr üçün əlavə tədbirlər müəyyənləşdirilib.

Nəşr edilib : 29.05.2025 15:02