NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam edir

...

Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının səmərəli idarə olunması, əkin sahələrinin suvarılması və əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər həm meliorasiya sistemlərinin yenilənməsi, həm də yeni layihələrin icrası ilə diqqət çəkir. 
Görülən işlərlə bağlı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Lalə Yusifova bildirib ki, 2026-cı ilin mart ayının sonunda su anbarlarında 165,15 mln m³ su ehtiyatı mövcud olmuşdur. Cari ilin yanvar-mart aylarında su istifadəçilərinə verilən suyun müqabilində 1354 hektar torpaq sahəsi suvarılmışdır. Qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayı ərzində 0,1 km selə qarşı istiqamətləndirici bənd qurulmuş, 83,51 km beton və torpaq kanallar, 86,17 km ara arxlar, 15,33 km kollektor lildən təmizlənmiş, 1,83 km içməli su, 0,28 km kanalizasiya xətti çəkilmişdir. Eyni zamanda 8,22 km mövcud içməli su xətlərində, 1,1 km kanalizasiya xətlərində, 1,33 km suvarma boru xətlərində, 5,42 km təzyiqli boru xətlərində, 0,48 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Görülən meliorativ işlər nəticəsində Şərur rayonunun 94 ha, Babək rayonunun 245 ha olmaqla, ümumilikdə, 339 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Həmçinin 2026-cı ilin yanvar-mart ayında Kəngərli rayonunda 8 kəhrizdə cari təmir işləri yekunlaşdırılmış, 1 kəhrizdə isə cari təmir işləri davam etdirilir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 5 ədədinə yeni nasos quraşdırılmış, 60 ədədi isə əsaslı təmir olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası prioritet istiqamət kimi hədəflənmiş və bu kontekstdə işlər uğurla davam etdirilmiş, bununla bağlı satınalmalar həyata keçirilmişdir. Bu satınalmalar muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə həm içməli su təchizatı, həm də suvarma su təminatı ilə bağlı layihələrin icrası ilə əlaqədar olmuşdur. Bildirilib ki, proqramın icrası çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə həm içməli su təchizatı, həm də suvarma su təminatı ilə bağlı müvafiq layihələr həyata keçirilir.
Belə ki, “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”, “Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 ha torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması” və “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərinin, ərazisində, ümumilikdə 240 ha torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi” layihələri icra olunur. 
Bundan başqa, “Arpaçay sağ və sol sahil magistral kanallarının yenidən qurulması” layihəsi üzrə layihələndirmə işləri aparılmış, müvafiq ekspertiza rəyi alınmışdır. Tikinti-quraşdırma işlərinin aparılması üçün podratçı şirkətlərlə müqavilə imzalanmış və hazırda tikinti işlərinin aparılması üçün hazırlıq işləri görülür. 
Həmçinin qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması işlərinin, o cümlədən əvvəllər başlanılmış, lakin tamamlanmamış layihələrin davam etdirilməsi məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işləri aparılır. Bu çərçivədə “Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin davam etdirilməsi” üzrə layihə-smeta sənədlərinin ekspertiza rəyi alındığı və tikinti işlərinin aparılması üçün qalib podratçı ilə müqavilə bağlandığı bildirilib. Hazırda tikinti-quraşdırma işlərinin aparılması üçün müvafiq hazırlıq işləri görülür.
Beləliklə, həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında su təsərrüfatının inkişafına, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 23.04.2026 15:20