NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda su təminatı: qlobal çağırışlar fonunda regional dayanıqlılıq modeli

...

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasətində Naxçıvan Muxtar Respublikası xüsusi yer tutur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında su təminatı məsələsi prioritet istiqamətlərdən biri kimi mühüm əhəmiyyət daşıyır. Bu xüsusda cari il fevralın 21-i və 24-də dövlət başçısının “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi barədə və “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamları Prezident İlham Əliyevin “Naxçıvanla bağlı böyük planlarımız var” ideyasına əsaslanaraq qlobal çağırışlar fonunda Azərbaycanın vahid sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi çıxış edir.

Su qıtlığı: təbii amillər və artan tələbatın kəsişməsi

Məlum olduğu üzrə, dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, əsasən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun, yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, iqtisadiyyatın, kənd təsərrüfatı sahələrinin inkişafı Azərbaycanda içməli və suvarma suyunun getdikcə tükənməsinə yol açmaqla təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir. Ölkəmizin kənd təsərrüfatı sürətli inkişaf etmiş iqtisadi rayonlarından olan Naxçıvanda da əhalini və əkinçiləri ən çox narahat edən məqamlar sırasında içməli və suvarma suyunun tələbatı ödəməməsi öndə gəlir. Bu baxımdan, su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və əhalinin su təminatının daha da yaxşılaşdırılmasını özündə ehtiva edən Tədbirlər Planı, birinci növbədə, qlobal çağırışlara əsaslanır. Nəzərə alsaq ki, muxtar respublikada il ərzində günəşli günlərin sayı daha çox, yağıntının miqdarı nisbətən az müşahidə edilir, o zaman dünyada istiləşmənin getdiyi hazırkı dönəmdə bu sahədə çətinliklərin yaranması qaçınılmazdır. Mövcud vəziyyət, təbii ki, ilk növbədə, su anbarlarında, sututarlarda suyun kəskin surətdə aşağı düşməsinə, quyularda su çəkilmələrinə səbəb olur. Belə olan halda əkinçilikdə məhsuldarlıq aşağı düşür, ekoloji cəhətdən təmiz, təbii kənd təsərrüfatı məhsulu istehsalı xeyli zəifləyir. Məhz təsdiq edilən yeni Tədbirlər Planında da əsas məqsəd mövcud vəziyyət nəzərə alınaraq innovativ yanaşma və metodlardan istifadə edilməklə dayanıqlı inkişafa nail olmaqdır. Bu xüsusda Əlincəçaydan və Bənəniyar su anbarından, Şərur, Kəngərli rayonları ərazilərində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması, Sədərək, Culfa rayonları ərazilərində Araz çayından, Ordubad rayonu ərazisində Araz çayından və Gilançaydan qidalanan hidrotexniki qurğuların əsaslı təmiri və digər infrastruktur layihələri müstəsna əhəmiyyət daşıyacaq. Ümumilikdə, 3  rayonda hidrotexniki qurğuların əsaslı təmiri, 7 ərazidə hidrotexniki qurğuların yenidən qurulması, 1 rayonda nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması, 3 rayonun kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması, 1 içməli sutəmizləyici qurğunun bərpası, 1 içməli sutəmizləyici qurğunun tikintisi, 3 şəhər və rayon üzrə qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi nəzərdə tutulur. Hazırda bir sıra layihələrə vəsaitin bölgüsü aparılıb, layihə-smeta sənədlərinin tamamlanması, tikinti işlərinin başlanması istiqamətində tədbirlər həyata keçirilir.

Tədbirlər Planı həm icra müddəti, həm də qlobal məsələyə yanaşması və hədəfləri nöqteyi-nəzərdən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına da xidmət edəcək. Nəzərdə tutulan məsələlərin həllini tapması müasir sosial-iqtisadi infrastruktur quruculuğunun tərkib hissəsi kimi ən yeni həyat standartlarına əsaslanan yüksək sosial rifahın formalaşdırılmasını hədəfləyir. Yəni qəbul edilən bütün qərar, verilən sərəncam və fərmanlar kimi növbəti Sərəncamda da əsas amil Azərbaycan vətəndaşı, onun sağlam həyat tərzi və sosial rifahının təminatıdır. Bu məsələdə sosial rifahın yaxşılaşdırılması həm suvarma infrastrukturunun yenidən qurulması, həm də içməli su təchizatı sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Suvarma suyunun yaxşılaşdırılması əhalinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarını əldə etməsinə, aqrar sahədə yeni təsərrüfatların qurulmasına geniş imkanlar açacaq.

Prezident İlham Əliyevin bu il fevralın 24-də imzaladığı “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam isə muxtar respublikada içməli su təminatının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini hədəfləyir. Sərəncama əsasən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur ki, bu da regionda içməli suya olan tələbatın ödənilməsi baxımından mütərəqqi addımdır. Qeyd olunan tədbirlər su təminatında mövcud çətinliklərin aradan qaldırılması, əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu layihələrin icrası su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, yeraltı su mənbələrinin düzgün idarə edilməsinə və uzunmüddətli perspektivdə su təhlükəsizliyinin təmininə xidmət edəcək. Nəticə etibarilə, həyata keçirilən tədbirlər insanların gündəlik həyat keyfiyyətinin yüksəlməsinə, sağlam mühitin formalaşmasına və müasir şəhər, kənd infrastrukturu standartlarına uyğun yaşayış şəraitinin təmin olunmasına mühüm töhfə verəcək.

İnfrastruktur yanaşmasından idarəetmə modelinə keçid

Son dövrlərdə qəbul olunan qərarlar göstərir ki, yanaşma yalnız infrastrukturun genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda su ehtiyatlarının idarə olunması modelinin yenilənməsini nəzərdə tutur. Bu baxımdan, hidrotexniki qurğuların yenidən qurulması, su anbarlarının və nasos stansiyalarının modernləşdirilməsi mühüm addım olsa da, əsas məsələ bu resursların səmərəli idarə edilməsidir.

Yeni Tədbirlər Planında diqqətçəkən əsas məqamlardan biri müxtəlif su mənbələrinin – çaylar, su anbarları və yeraltı ehtiyatların inteqrasiyalı şəkildə istifadəsinin nəzərdə tutulmasıdır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da məhz suvarma və  içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlərin həyata keçirilməsi, layihələrin icrası nəzərdə tutulub. Proqramda qeyd olunur ki, kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaq. Eyni zamanda rayon mərkəzlərində və kəndlərdə içməli su təminatının artımı ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulub. Prezidentin təsdiq etdiyi Tədbirlər Planı isə konkret layihələri müəyyənləşdirməklə məhz muxtar respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Pro­qramının icrasına bilavasitə güclü təkan verəcək. Sərəncamın əsas məqsədləri sırasında su ehtiyatlarının qorunması, su təchizatı və suvarma sistemlərinin yenilənməsi, itkilərin azaldılması və müasir texnologiyaların tətbiqi də yer alır. Bu xüsusda əsas görüləcək işlərdən biri torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və səhralaşmasına qarşı mübarizədir.

Naxçıvan şəhərinin Qaraxanbəyli, Tumbul, Şərur rayonunun Püsyan, Tumaslı, Xanlıqlar və Kəngərli rayonunun Böyükdüz, Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi əkinçiliyin təşviqinə yol açmaqla kənd təsərrüfatının dayanıqlılığının artırılmasına xidmət edəcək. Məlum olduğu üzrə hazırda əkin sahələrinin suvarılması zamanı, əsasən, açıq kanallardan istifadə olunur. Təbii ki, bu da həm su israfına, həm də bəzi ərazilərdə su sızmaları nəticəsində torpaqların şoranlaşmasına və meliorativ vəziyyətin pisləşməsinə səbəb yarada bilir. Tədbirlər Planı çərçivəsində qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi sayəsində su itkiləri minimuma enəcək, suyun əraziyə daha dəqiq və qənaətli şəkildə paylanması təmin ediləcək. Beləliklə, həm su resurslarından səmərəli istifadə olunacaq, həm də torpağın münbitliyi qorunub saxlanılacaq. Eyni zamanda qapalı suvarma və kollektor-drenaj sistemlərinin qurulması torpaqların deqradasiyasının qarşısını almaqla uzunmüddətli kənd təsərrüfatı potensialını gücləndirir.

Aqrar sektorda transformasiya: suvarmadan məhsuldarlığa

Kənd təsərrüfatı mütəxəssislərinin məsləhət gördüyü şırımla suvarma taxıl, eləcə də cərgəarası bitkilərin becərilməsində istifadə olunan mütərəqqi  üsullardan biri kimi müasir əkinçilikdə xüsusi yer tutur. Həmin üsuldan istifadə zamanı suvarma suyuna qənaət edilir, eyni zamanda bitkilərin suya olan tələbatı müntəzəm təmin olunur. Eyni zamanda damcı üsulu da qlobal su problemi ilə mübarizə baxımından özündə üstün keyfiyyətləri birləşdirir. Bu metodda suya qənaət olunmaqla daha az su ilə daha çox sahə suvarılır, torpaqda erroziya prosesi baş vermir, qrunt sularının  səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şoranlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin edilir. Suvarmada digər bir geniş istifadə edilən yağışyağdırma üsuludur ki, bu zaman suvarma suyu nasosların köməyi ilə çiləyici aparatlara xüsusi borular vasitəsilə müəyyən olunmuş təzyiqlə vurulur və yağış şəklində torpağa səpilərək torpağı, bitkiləri nəmləndirir. Bu üsulla suvarmada tоrpaq qatı müntəzəm olaraq nəmlənir, suvarma avtomatlaşdırılır, tоrpaq deqradasiyasının qarşısı alınır, suvarmanın kiçik normalarla və tez-tez aparılması hesabına suvarma suyuna qənaət olunaraq becərilən bitkilərin məhsuldarlığı yüksəlir.

Strateji baxış və uzunmüddətli perspektiv

Su təminatı ilə bağlı siyasətin ən çox təsir etdiyi sahələrdən biri kənd təsərrüfatıdır. Ənənəvi suvarma üsullarından müasir texnologiyalara keçid burada yalnız yenilik deyil, həm də struktur transformasiyası deməkdir.

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sudan səmərəli istifadə məsələsinin xüsusi gündəmə gətirilməsinin, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin də əsas məqsədi bu ümumbəşəri problemin yaxın gələcəkdə Azərbaycan üçün daha ağır nəticələrə yol açmasının qarşısını almaqdır. Əminliklə demək olar ki, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi barədə və “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamlarının icrası qlobal çağırışlar fonunda Naxçıvanın dayanıqlı inkişafını təmin etməklə həm əhali rifahının yaxşılaşdırılmasına, həm də ölkənin sosial-iqtisadi inkişaf strategiyasına mühüm töhfələr verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 23.04.2026 16:01