NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün hazırlıqla bağlı  həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə  ehtiyac olan dərsliklərin  sifarişi verilmişdi. İyul ayının sonlarından başlayaraq 168 min 823 dərsliyin  və 156 min 96 bədii ədəbiyyatın   muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur.
Sentyabrın 12-dən isə  muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Qeyd edək ki, muxtar respublikaya gətirilən yeni ədəbiyyatlar da şagirdlərin istifadəsi üçün məktəb kitabxanalarına təhvil verilib.
Məlumat üçün bildirək ki, bu tədris ili üçün həm Azərbaycan, həm də rus bölmələrinin müəyyən sinifləri üçün bəzi dərsliklər yenidən hazırlanmış və ya təkmilləşdirilmişdir. Onlardan VI sinif coğrafiya, VII sinif kimya, biologiya və fizika dərslikləri Sinqapurun dərslik sahəsindəki mütəxəssisləri, V sinif ingilis dili dərsliyi isə Kembric Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Həmçinin II sinif həyat bilgisi, V sinif riyaziyyat, V və IX sinif Azərbaycan dili, Azərbaycan tarixi, ədəbiyyat, informatika, ingilis, alman, fransız və rus dili, IX sinif ümumi tarix dərslikləri də yenilənmişdir. 
Ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl kitabxana qaydası üzrə işlənilərək fonda daxil edilib, dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları məlumatlandırılıb. 
   Qeyd edək ki, ilk dərs gününə kimin dərsliklərin muxtar respublikanın bütün məktəblərinə paylanılması nəzərdə tutulub. Şagirdlərə dövlət vəsaiti hesabına paylanan dərs vəsaitləri bu sahəyə olan qayğının nəticəsidir. Bu qayğı müqabilində məktəblilərin üzərinə düşən vəzifə biliklərə daha dərindən yiyələnmək və təqdim olunan vəsaitləri qoruyaraq onlardan düzgün istifadə etməkdir.

Nəşr edilib : 12.09.2024 15:01