“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təşkilatçılığı ilə “Cəmiyyətimizi narahat edən problem – narkomaniya” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi cəmiyyətdə narkomaniyaya qarşı maarifləndirmənin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği və bu sahədə dövlət qurumlarının fəaliyyətinin ictimaiyyətə çatdırılması olub.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan dövləti narkomaniyaya qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu sahədə hüquq-mühafizə orqanları ilə yanaşı, maarifləndirmə və profilaktika tədbirlərinin də xüsusi rolu var. Əli Rəhimov qeyd edib ki, penitensiar müəssisələrdə narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə sistemli iş aparılır və bu sahədə əməkdaşlıq mühiti daim gücləndirilir.
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov çıxış edərək penitensiar müəssisələrdə narkomaniyaya qarşı aparılan mübarizənin tədbirin ümumi məqsədləri çərçivəsində həyata keçirilməsi barədə geniş məlumat verib. O, qeyd edib ki, müəssisələrdə narkotik maddələrin yayılmasının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir və bu sahədə əməkdaşlıq intensivləşir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis mayoru Əli Bayramov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. O, eyni zamanda hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi əməliyyat tədbirləri, eləcə də qabaqlayıcı fəaliyyətlər haqqında məlumat verib.
Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Bəhruz Əmirov çıxışında penitensiar müəssisələrdə narkotik maddələrin yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri sadalayıb. O vurğulayıb ki, narkomaniya təkcə fərdi deyil, eyni zamanda ümumi ictimai təhlükəsizlik üçün ciddi təhdid hesab olunur. Bu səbəbdən də profilaktik və maarifləndirici işlərin əhəmiyyəti danılmazdır.
Tədbirdə çıxış edən digər mütəxəssis - Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin narkoloq həkimi Mustafa Həsənov isə narkotik maddələrdən istifadənin insan sağlamlığına vurduğu ağır fəsadlardan bəhs edib. O qeyd edib ki, narkomaniya sadəcə fiziki asılılıq deyil, eyni zamanda psixoloji və sosial problemlərə səbəb olan ciddi bir xəstəlikdir. Həkim narkotik vasitələrin təsir mexanizmi, onların orqanizmdə yaratdığı pozuntular, eləcə də müalicə və reabilitasiya prosesi barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına paylanılıb. Eyni zamanda komissiyanın hazırladığı təhlükələri və çıxış yollarını əks etdirən videoçarx nümayiş etdirilib.
Digər xəbərlər