NAXÇIVAN :

10 Iyul 2026, Cümə

Naxçıvanda könüllü gənclər üçün “Komanda ruhu” düşərgəsi təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində könüllü gənclər üçün “Komanda ruhu” adlı düşərgə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşərgənin əsas məqsədi gənclər arasında komanda ruhunun formalaşdırılması, qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi olub. Bu məqsədlə iştirakçılar üçün müxtəlif maarifləndirici və əyləncəli proqramlar təşkil edilib.
Tədbir çərçivəsində təşkilatçı qurumların rəhbərləri ilə gənclərin görüşü təşkil olunub. Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışlarında bildiriblər ki, bu cür düşərgələr gənclərin asudə vaxtının səmərəli təşkili, komanda ruhunun möhkəmləndirilməsi, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, birgə fəaliyyətə əsaslanan bu platformalar gənclərin qarşılıqlı əməkdaşlıq vərdişlərinin formalaşmasına, sosial fəallığının artırılmasına və onların şəxsi inkişafına mühüm töhfə verir. 
Görüş zamanı gənclər tədbirin təşkilinə görə təşəkkürlərini ifadə edib, fikir və təkliflərini səsləndiriblər. Onları maraqlandıran suallar cavablandırılıb, gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
Birgünlük düşərgə müddətində əyləncəli yarışmalar, psixoloq Ayxan Hüseynlinin təqdimatında “Xarakter və xüsusiyyətlərimiz” mövzusunda təlim, eyni zamanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, fərqlənən komanda mükafatlandırılıb.

Nəşr edilib : 10.07.2026 12:16