NAXÇIVAN :

29 May 2025, Cümə axşamı

Naxçıvanda “Konstitusiya: hüquqi və demokratik islahatların mənbəyi, suverenliyin hüquqi əsası” mövzusunda konfrans keçirilib

...

Mayın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya: hüquqi və demokratik islahatların mənbəyi, suverenliyin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib.  
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Heydər Əliyev Muzeyində olan ziyarətçilərə Ümummilli Liderin irsinin dəyərli nümunələrindən ibarət eksponatlar barədə ətraflı məlumat verilib.
Heydər Əliyev Sarayında təşkil olunan rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub. Bütöv Azərbaycan xəritəsinin əks olunduğu xalça, Ümummilli Liderimizin portretləri, tarix və mədəniyyətimizə dair digər əsərlər maraq doğurub.
Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müstəqil Azərbaycan Respublikası Konstitusiyasının tarixinə həsr olunmuş videoçarx təqdim edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransda çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Proqram çərçivəsində qarşıya qoyulan prioritetlərdən biri olan institusional islahatların aparılması nəticəsində muxtar respublikanın dövlət orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi, inteqrasiyanın aparılmasına nail olunub. Bununla yanaşı, proqramda nəqliyyat-logistika infrastrukturunun yenilənməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal idarəetmənin tətbiqi, enerji səmərəliliyinin artırılması və əhalinin rifahının yüksəldilməsi də prioritetlər kimi müəyyən olunub.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli qərarları ilə vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası istiqamətində sistemli və ədalətli tədbirlər həyata keçirilir. Uzun illər ərzində müxtəlif səbəblərdən mülkiyyət hüquqları pozulmuş minlərlə vətəndaşımızın hüquqları məhkəmə və inzibati qaydada bərpa olunur, kompensasiyalar ödənilir, qanunsuz zəbt olunmuş əmlaklar qaytarılır. Muxtar respublikada artıq 642 nəfərin hüququ bərpa olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu addımlar bir daha göstərir ki, Konstitusiyada təsbit edilmiş mülkiyyət toxunulmazlığı prinsipi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və hər bir vətəndaşın hüququ qorunur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında vurğulayıb ki, Naxçıvan tarixin hər bir dövründə Azərbaycanın ictimai-siyasi həyatında öz çəkisi ilə xüsusi olaraq seçilib. Naxçıvan Azərbaycan dövlətçiliyinin formalaşmasında, 1990-cı illərdə xalqımızın yenidən istiqlala qovuşmasında əvəzsiz xidmətlər göstərib. 1990-1993-cü illərdə Naxçıvanda siyasi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev dövlətimizin həqiqi müstəqilliyinin bünövrəsini məhz burada qoyub. Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, atdığı addımlar 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynadı. Dərin zəkaya malik olan böyük ictimai-siyasi xadim bilirdi ki, Azərbaycanın daimi müstəqilliyinin təminatı üçün yeni ruhda yazılan və azad xalq tərəfindən qəbul edilən müasir Konstitusiyaya ehtiyac var. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin şah əsəri – Azərbaycan tarixində ilk müstəqil respublikanın Konstitusiyası ümumxalq səsvermə yolu ilə qəbul edildi. Konstitusionalizm quruculuğunda növbəti mərhələ isə 1998-ci il iyulun 14-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması olub. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasını olduqca mühüm addım kimi dəyərləndirən Fərhad Abdullayev qeyd edib ki, bu islahat bölgədə idarəetmə üsulunun səmərəliliyinin daha da artırılmasına, həmçinin iqtisadiyyatın inkişafına öz töhfəsini verir.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi ilə yanaşı, dövlət suverenliyimizin tam bərpasının və ərazi bütövlüyümüzün təmin olunmasının real nəticələrini yaşadığımız dövrdür.  O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi təsadüfi deyil. Bu qərar müstəqil dövlətçilik tariximizin mühüm dövrlərini əhatə etməklə yanaşı, həm də gələcəyə hesablanmış strateji bir çağırışdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri,akademik İsmayıl Hacıyevin də çıxışı dinlənilib. 
Tədbir bədii hissə ilə davam edib.
***
Həmin gün tədbir iştirakçıları Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi ilə tanış olublar. 
Tanışlıq zamanı ərazidəki XII əsr abidəsi, Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi haqqında məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirən Möminə xatun türbəsi orijinal quruluşu əsasında bərpa olunacaq.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksindəki büstü də ziyarət edilib.

Nəşr edilib : 27.05.2025 22:56