NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvanda “KOB Fest” fəaliyyətə başlayıb

...

Oktyabrın 4-də KOBİA-nın təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Əcəmi seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “KOB Fest”in açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış mərasimində çıxış edərək bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında özəl sektora qayğı göstərilir. Xüsusilə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bu məsələ ilə bağlı fəaliyyət istiqamətləri müəyyənləşib. Dövlət Proqramında əlverişli biznes mühitinin yaradılması, mikro, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyətin genişləndirilməsi, KOB dostu ofislərinin yaradılması, sahibkarlara güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq olunması nəzərdə tutulur. Həmçinin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində gömrük rüsum güzəşti nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması və ixraca logistik dəstək verilməsi istiqamətində də işlər aparılır.

Fuad Nəcəfli qeyd edib ki, 2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 52 milyon manatdan artıq kredit verilib. Bunun 43 milyon manatdan çoxu KOB subyektlərinin inkişafına yönəldilib. Bu gün Naxçıvan şəhərində təşkil olunan KOBFEST də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Səlahiyyətli nümayəndə əminliklə ifadə edib ki, festival KOB subyektlərinə istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satış imkanlarının artırılması, ən əsası isə kiçik sahibkarlığın inkişafına dəstək verilməsi işində yeni hədəflər müəyyənləşdirəcəkdir. Dövlət özəl sektorun inkişafı üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Sahibkarlar da bu işə dəstək verməli, dövlət-özəl tərəfdaşlığı çərçivəsində mikro, kiçik və orta biznes inkişaf etməlidir. Fuad Nəcəfli bu yolda hər kəsə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov qeyd edib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən KOB dostları fəaliyyət göstərir. Şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin cari dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib. 1 oktyabr 2024-cü il tarixə muxtar respublikada 19729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla, ümumilikdə, 20129 aktiv KOB subyekti fəaliyyət göstərir. Bu da ilin əvvəli ilə müqayisədə 57,3 faiz çoxdur. İqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranması və mövcud KOB-ların fəaliyyətinin genişlənməsi, özəlləşdirmə proseslərində yaxından iştirak etməsi daim stimullaşdırılır. Belə ki, cari ilin 9 ayında özəlləşdirilən dövlət əmlakların 93,8 faizi KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb. Həmçinin maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Naxçıvanda ilk dəfə “KOB Fest”in keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirərək qeyd edib ki, məqsəd sahibkarların məhsullarını geniş kütləyə təqdim etməsinə şərait yaratmaqdır. Vurğulanıb ki, Naxçıvanda sahibkarlıq fəaliyyəti üçün tam münbit şərait vardır. Artıq KOBİA-nın dəstək və xidmətləri Naxçıvan sahibkarları üçün daha əlçatandır. Naxçıvanda KOB İnkişaf Mərkəzi və KOB dostları fəaliyyət göstərir. Naxçıvan sahibkarları KOB dostları ilə aktiv əməkdaşlıq edərək fəaliyyət imkanlarını daha da genişləndirirlər. Bu gün keçirilən festival da məhz bu imkanların nəticəsidir.

Sonra “KOB Fest”in sərgi-satış yarmarkası ilə tanışlıq olub.

Məlumat verilib ki, yarmarkada 70-dən artıq mikro və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunur. Festivalda muxtar respublika ilə yanaşı, ölkəmizin digər regionlarında fəaliyyət göstərən 20-dən artıq sahibkarlıq subyekti də iştirak edir. Burada qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir.

“KOB FEST” çərçivəsində bədii-əyləncəli proqram da təşkil olunub.

Nəşr edilib : 04.10.2024 17:59