Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2025, Şənbə
"Şərq qapısı" xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “20 Yanvar: xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı açaraq Qanlı Yanvar hadisəsi ərəfəsində ölkədə hökm sürən ümumi ictimai-siyasi vəziyyətdən, həmin dövrdə ölkə rəhbərliyinin yarıtmaz fəaliyyətindən, tənəzzül dövrünü yaşayan SSRİ-nin yürütdüyü “siyasət”dən danışıb. 20 Yanvar qətliamını sovet rəhbərliyinin planlı siyasətinin nəticəsi adlandıran akademik diqqətə bildirib ki, heç bir səbəb olmadan dinc əhaliyə divan tutulması azadlığa can atan bir xalqın cəsarətini qırmaq, öz məkrli planlarını həyata keçirmək məqsədi daşıyırdı. 20 Yanvar faciəsi Azərbaycan xalqının haqq səsini boğmağa hesablanmış cinayətdir.
Akademik qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək informasiya blokadasına alınmış Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmış, törədilmiş qırğını sərt tənqid edərək dinc əhaliyə qarşı göstərilən biganə münasibətə öz haqlı etirazını bildirmişdir. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan qısa zaman sonra hadisəyə hüquqi siyasi qiymət vermiş 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilmişdir.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Yanvar faciəsi – insanlığa qarşı cinayət: nəticələri, dərsləri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova isə “20 Yanvar hadisələri bədii ədəbiyyatımızda” mövzulu məruzələr ediblər.
Tədqiqatçı Asəf Orucov məruzəsində 20 Yanvar faciəsinin səbəblərini geniş təhlil edib. Onu SSRİ-nin qorunub saxlanmasına ümidsiz cəhd, Azərbaycanın ərazi bütüvlüyünə, azadlığa can atan xalqın iradəsini qırmağa yönəlik qəsd kimi səciyyələndirib. Vurğulanıb ki, bu qanlı hadisə ovaxtkı SSRİ rəhbərliyinin İslama fob düşüncəsinin, türk faktoruna nifrətinin, habelə sütunları zəifləmiş “əzəmətli” imperiyanın dağılmasını yubatmaq istəyinin qəddar təzahürü idi.
Məruzədə, həmçinin 1990-cı ilin yanvarında Bakıya yeridilmiş qatillərdən ibarət ordunun təşkil olunduğu silahlı birləşmələrin tərkibi barədə məlumatlar yer alıb. “Sərhəd hərəkatı” ərəfəsində baş verən hadisələri sistemli şərh edən alim çıxışı zamanı “Nə üçün Azərbaycanda belə bir qırğın törədildi?” sualını cavablandırıb.
“20 Yanvar hadisələri bədii ədəbiyyatımızda” mövzusunda məruzə edən dosent Aygün Orucova 20 Yanvar mövzusunun ədəbiyyatımızda işlənmə vəziyyətindən bəhs edib. Poeziyamızda bu mövzuya geniş müraciət olunduğunu qeyd edən tədqiqatçı nəsr sahəsində mövzu ilə bağlı dünya səviyyəli əsərlərin qələmə alınmasına duyulan ehtiyacdan danışıb. Düşüncələrini ədəbiyyatşünas və tənqidçilərin məsələ ilə bağlı fikirləri əsasında izah edib. 20 Yanvar mövzusunda əsərlər yazıb-yaradan ədəbi mühit nümayəndələrinin əsərlərindən nümunələr gətirib.
“20 Yanvar tariximizə qanla yazılsa da, bu gün həm də xalqımızın qəhrəmanlıq salnaməsidir”, – deyən alim qələmə alınan əsərlərdə ümumxalq hüznü ilə yanaşı, xalqın mübarizliyinin, qorxusuzluğunun əksi məsələsinin də diqqətdə saxlanmalı olduğunu qeyd edib. Belə əsərlərin gənc nəslin mübariz ruhda tərbiyəsində mühüm rolundan danışıb.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
Digər xəbərlər