Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16:29 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bahar festivalında müxtəlif əl işləri ilə məşğul olan şəxsi sahibkarlara da geniş yer verilib. Festival həm bayram əhvali-ruhiyyəsini yaşatmaq, həm də yerli sənətkarların fəaliyyətini dəstəkləmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Festival ərazisində qurulan rəngarəng stendlər ziyarətçilərin böyük marağına səbəb olur. Bu stendlər arasında diqqət çəkənlərdən biri Tutu və Şəfəq Şahbazova bacılarına məxsusdur. Artıq 4 ildən çoxdur ki, peşəkar şəkildə təbii daşlarla işləyən bacılar bu sahədə özünəməxsus üslubları ilə seçilirlər. Onlar budəfəki festivala 1300-dən çox əl işini təqdim ediblər. Sərgilənən məhsullar arasında əqiq, sədəf, firuzə, şəvə və aslan gözü kimi təbii daşlardan hazırlanan qolbaqlar, sırğalar, üzüklər və digər aksesuarlar üstünlük təşkil edir. Bacıların sözlərinə görə, ziyarətçilər daha çox həm estetik görünüşü, həm də fərqli enerjisi ilə seçilən bu daşlardan hazırlanmış məhsullara üstünlük verirlər. Hər bir məhsulun əl işi olması isə onlara xüsusi dəyər qatır.
Festivalda iştirak edən digər sahibkarlardan biri – 35 ildən artıq bu sahə ilə məşğul olan təcrübəli usta Fizuli Xəlilovdur. O, bu dəfə festivala ağacdan və təbii duzdan hazırlanmış 100-dən çox əl işi ilə qatılıb. Onun hazırladığı məhsullar arasında şahmat, nərd kimi stolüstü oyunlar, gəmi maketləri və müxtəlif dekorativ əşyalar yer alır. Bununla yanaşı, usta təbii duz parçaları üzərində akril boyalarla, işlədiyi rəsmlərlə də diqqəti cəlb edir. Xüsusilə Naxçıvanın simvollarından sayılan Möminə xatun türbəsi və Haçadağın təsvirləri ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bu nümunələr həm milli dəyərlərin təbliği, həm də sənətkarlıq ənənələrinin yaşadılması baxımından əhəmiyyətlidir.
Sahibkarlar sırasında yer alan digər iştirakçılardan biri də əl işlərini hobidən peşəyə çevirən Rübabə Məmmədovadır. O, təbii daşlar və muncuqlardan istifadə edərək dekorativ ağaclar, zərif qolbaqlar, mücrülər və əl toxuması çantalar hazırlayır. Onun məhsulları da öz incəliyi və zövqlü dizaynı ilə seçilərək ziyarətçilərin diqqətini cəlb edir. Rübabə Məmmədova qeyd edir ki, bu işə ilk olaraq maraq və sevgi ilə başlayıb, zaman keçdikcə isə bu məşğuliyyət onun üçün həm yaradıcılıq, həm də gəlir mənbəyinə çevrilib.
Ümumilikdə, Bahar festivalı yalnız bayram tədbiri olmaqla kifayətlənmir, eyni zamanda yerli sahibkarların tanıdılması, onların məhsullarının geniş auditoriyaya təqdim olunması və milli sənətkarlıq ənənələrinin qorunub inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Bu cür tədbirlər həm sənətkarlar üçün yeni imkanlar yaradır, həm də ziyarətçilərə zəngin mədəni irsi daha yaxından tanımaq imkanı verir.
Zəhra VƏLİYEVA
Rafiq TƏHMƏZ
Digər xəbərlər