NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Naxçıvanda ilk dəfə innovativ texnologiyaların tətbiq edildiyi tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb

...

Naxçıvan şəhəri və Şərur rayonunda yeni salınmış tingçilik sahələrinə və kolleksiya meyvə bağına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, təqdimat zamanı intensiv bağçılığın inkişafının muxtar respublikada prioritet istiqamətlərindən olduğu qeyd edilib.

Vurğulanıb ki, bu çərçivədə Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Naxçıvan şəhəri və Şərur dayaq məntəqəsində ilk dəfə innovativ texnologiyaların tətbiq edildiyi tingçilik sahələri və kolleksiya meyvə bağı yaradılıb. Artıq burada sağlam və yüksək məhsuldarlığa malik tinglərin yetişdirilməsinə başlanılıb. Ting materialı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan əldə olunub.

Layihənin əsas məqsədi sağlam əkin materialı istehsalını təmin etmək, meyvə bağlarında məhsuldarlığı artırmaq, regionda dayanıqlı ting bazası formalaşdırmaq və elmi-texnoloji yeniliklərin tətbiqini genişləndirməkdir. Təşəbbüs, həmçinin muxtar respublikanın ixrac potensialının yüksəldilməsinə də xidmət edir.
Yeni yaradılmış sahələrdə gilas, badam və şaftalı olmaqla, 21 xarici sort üzrə 1050 ədəd ting və 50 min ədəd calaqaltı salınıb. Kolleksiya bağı müasir standartlara uyğun suvarma sistemi ilə də təmin olunub.

Qeyd edək ki, tingçilik sahəsi və kolleksiya meyvə bağı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində, ümumilikdə, 2 hektar ərazidə salınıb.

Nəşr edilib : 06.12.2025 10:30