NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Naxçıvanda ictimai sektor mühasibləri üçün uzunmüddətli təlimlərə start verilib

...

Martın 13-dən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkarlığının artırılması və Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi istiqamətində uzunmüddətli təlimlərə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki,  tədbirdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov dövlət idarəetmə sistemində şəffaflığın və hesabatlığın gücləndirilməsi üçün mühasibat uçotunun beynəlxalq standartlara uyğun qurulmasının vacibliyini qeyd edib.

Bildirilib ki, bu təlimlərin əsas məqsədi muxtar respublikada dövlət orqanlarında çalışan mühasiblərin bilik və bacarıqlarını artırmaq, onları beynəlxalq standartların və mövcud qanunvericiliyin tələblərinə uyğun sertifikatlaşdırmaq və peşəkar inkişaflarını dəstəkləməkdir.

 Təcrübəli mütəxəssislər tərəfindən aparılacaq təlimlər ilkin mərhələdə
mühasibatlıq üzrə baza biliklərinin artırılması ilə başlayacaq, daha sonra isə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) istiqamətində peşəkar mühasib sertifikatı (PMS) proqramına uyğun davam etdiriləcək. Təlim prosesində iştirakçılara Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin imtahan formatına uyğun sınaq imtahanları təşkil olunacaq.

Qeyd edək ki, dörd ay davam etməsi nəzərdə tutulan təlimlər Naxçıvan Muxtar Respublikasında mühasibatlıq sahəsində peşəkar inkişafın təşviqi və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.

Nəşr edilib : 13.03.2025 18:09