NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Naxçıvanda gənclər mükafatlandırılıblar

...

Yanvarın 31-i “Gənclər həftəsi” proqramına uyğun olaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkil etdiyi tədbir 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni sələndirilib.

Gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün önəmindən bəhs edib, dahi rəhbərin Azərbaycan gəncliyinə verdiyi mühüm töhfələrdən danışıb. Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsi kimi qazanılmış uğurlardan, gənc nəsil nümayəndələrinə göstərilən qayğıdan, gələcək perspektivlər barədə danışan Məcid Seyidov əlavə edib ki, Naxçıvan gəncləri də bu siyasətdən faydalanır və dövlət dəstəyi ilə yeni-yeni uğurlar əldə edirlər. 

Nazir müavini ötən il gənclərlə iş sahəsində görülən işlər və qazanılan uğurlardan da bəhs edib. Qeyd olunub ki, nazirlik tərəfindən muxtariyyətin 100-cü ildönümü, COP29, “Yaşıl dünya naminə həmrəylik ili”, gənclərin şəxsi və intellektual inkişafı, yaradılıcıq potensialının yüksəldilməsi, vətənpərvərlik tərbiyəsi və digər aidiyyəti istiqamətlərlə bağlı 196 tədbir təşkil olunub. Bir çox Naxçıvan gənci ölkə üzrə qrant müsabiqələrinin qalibi olmaqla muxtar respublikada uğurlu layihələr icra etdilər, nazirliyin dəstəyi ilə könüllülər ölkəmizdə təşkil olunan düşərgələrdə, eləcə də xaricdə keçirilən mübadilə proqramlarında iştirak etməklə yeni təcrübələr qazanmış oldu. Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-si qızıl, 71-i gümüş, 58-si bürünc medal olmaqla, ümumilikdə, 201 medal qazandılar.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı Anar Babayev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov dövlət başçısının öz üstün xüsusiyyətləri ilə ölkə gəncliyinə ötürdüyü mənəvi gücdən, onlara göstərdiyi inamdan, dəstəkdən bəhs ediblər. Gənclik sahəsinin inkişafı istiqamətində atılan mühüm addımlardan, geniş islahatlardan, Dövlət proqramlarının uğurlu icrasından danışılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə formalaşan gənclərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirən tarixi zəfərlərimizdə böyük rolu olduğu vurğulanıb, Vətənimizin gələcək uğur yolunda gənclərin mütərəqqi və innovativ ideyalarının vacib əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Çıxış edənlər gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Fəal gənc Ceyran Talıbova gənclik mühiti, eyni zamanda bu sahəyə göstərilən dəstək barədə fikirlərini bölüşüb, gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlığını ifadə edib. 

Tədbirdə muxtar respublika gənclərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Muxtar respublikada uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin təqdimatında konsert proqramı ilə yekunlaşıb.

Nəşr edilib : 31.01.2025 16:08