NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Naxçıvanda gələn ilin əvvəlindən 25 meqavat gücündə 2 stansiyanın inşası ilə bağlı intensiv işlərə başlanılacaq

...

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Energetika Nazirliyi tərəfindən Naxçıvan üçün "yaşıl enerji zonası" konsepsiyası və tədbirlər planının ilkin layihələri hazırlanıb və aidiyyəti qurumlara rəy və təkliflərin bildirilməsi üçün göndərilib. Müvafiq rəylər artıq bütün qurumlardan daxil olub. Hazırda onların ümumiləşdirilməsi və sənədin yekun versiyasında nəzərə alınması istiqamətində işlər davam etdirilir".

Bu sözləri "Şərq qapısı"na müsahibəsində Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O qeyd edib ki, bu gün Naxçıvanda keçirilən maarifləndirmə tədbirində də artıq konsepsiyanın əsas prioritet istiqamətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi: "Gördüyünüz kimi, kifayət qədər müxtəlif sahələr burda öz əksini tapıb. Bioenerjidən  ənənəvi statusu almış günəş və külək stansiyalarının inşasına qədər, eyni zamanda elektromobillik və digər spesifik layihələr burada təhlil olunub və onlarla bağlı hədəf göstəriciləri müəyyənləşdirilib. Eyni zamanda həmin sənəd layihələrində müxtəlif dövlət qurumlarının və aidiyyəti qurumların qarşısında duracaq məsələlər də əksini tapıb".

Naxçıvanın çox böyük günəş enerjisi potensialı olduğunu vurğulayan Cavid Abdullayevin sözlərinə görə, burada məhdudiyyət yalnız şəbəkə imkanları səviyyəsindədir. 

"Naxçıvan hökuməti tərəfindən bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaq ayırma prosesləri gedir. Bilirsiniz ki, artıq 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunub və iki 25 meqavat gücündə stansiyanın inşası ilə bağlı danışıqlar yekun mərhələsinə daxil olub. Biz planlaşdırırıq ki, ilin sonuna qədər müqavilə bazası imzalanılsın və bu barədə ayrıca olaraq, təbii ki, imzalanmadan sonra məlumat verəcəyik və belə planlaşdırırıq ki, növbəti ilin əvvəllərindən həmin iki 25 meqavat gücündə stansiyanın inşası ilə bağlı intensiv işlərə start verilsin", – deyə Cavid Abdullayev əlavə edib.

Nəşr edilib : 08.12.2025 17:59