NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Naxçıvanda ekoloji maarifləndirməyə dəstək: bir ilin yekunları və yeni hədəflər

...

“Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin birinci ildönümü münasibətilə I hesabat konfransı keçirilib.
2025-ci il fevralın 21-də “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ictimai birliyin təsis olunmasının birinci ildönümü münasibətilə I hesabat konfransı keçirilib. Tədbir ekoloji maarifləndirmənin və ətraf mühitin mühafizəsinin önəmini bir daha vurğulamaq, birliyin gələcəkdəki fəaliyyət istiqamətlərini müzakirə etmək məqsədilə təşkil edilib.
Tədbir öncə Ümummilli Lider Heydər Əliyev və Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra məlumat təqdim olunub. İctimai birliyin sədri Aygül Məmmədova “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin 2024-cü il ərzində apardığı işlər və qarşıdakı vəzifələr barədə geniş çıxışında birliyin ötən il ərzində görülən əhəmiyyətli işləri və gələcək planları haqqında ətraflı danışıb. O, ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin cəmiyyət üçün nə qədər vacib olduğunu vurğulayıb.
İctimai birliyin loqosunun təqdimatı da tədbirin önəmli məqamlarından olub. Aygül Məmmədova yeni loqonun birliyin vizual siması olacağını və bu loqonun ekologiya sahəsindəki məqsəd və ideallarını əks etdirdiyini bildirib.
Tədbirdə, həmçinin ictimai birliyin idarə heyətinin üzvləri də öz çıxışlarını ediblər. Onlar birliyin müxtəlif fəaliyyət sahələri üzrə görülən işlər barədə məlumat verərək ekoloji maarifləndirmə tədbirlərinin əhəmiyyətini və təbiətin qorunması istiqamətində atılacaq addımları müzakirə ediblər.
Konfransın bir hissəsi hesabat slaydının təqdimatına həsr edilib.
 “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, PR meneceri Bəhriyyə Hüseynli, bir ilin yekunu ilə bağlı təqdimat edib. Hesabatda birliyin həyata keçirdiyi layihələr, həyata keçirilən maarifləndirmə tədbirləri, təmizlik aksiyaları, düşərgələr, EKO yürüyüşlər və ekoloji sahədəki digər uğurlar qeyd olunub.
Tədbirə qatılan iştirakçılar – birliyin idarə heyəti və fəal üzvləri, ekoloji maarifləndirmə sahəsindəki təcrübə və yenilikləri müzakirə ediblər. Müzakirə sessiyasında iştirakçılar ətraf mühitin qorunması, təbii sərvətlərin səmərəli istifadəsi və ekoloji balansın təmin olunması kimi mövzularda fikirlərini bölüşüblər.
​Sonda ictimai birliyin fəaliyyəti ilə bağlı əhəmiyyətli töhfələr verən şəxslər mükafatlandırılıb, xatirə fotosu çəkdirilib. 
Birinci hesabat konfransı, ekoloji maarifləndirmənin gələcək inkişafı və cəmiyyətin təbiətə münasibətinin müsbət yöndə dəyişməsi üçün əsas addımlardan biri olaraq yadda qalıb.

Nəşr edilib : 21.02.2025 22:10