NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

...

2026-cı ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 8 113 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış mülkiyyət hüquqlarının sayında 19,8 faiz artım müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən “Şərq qapısı”na verilən məlumata görə, qeydiyyata alınan əmlaklardan 3 667-si torpaq sahəsi, 3 078-i fərdi yaşayış və bağ evi, 1 019-u mənzil, 171-i qeyri-yaşayış sahəsi, 166-sı qeyri-yaşayış binası, 12-si isə əmlak kompleksidir.
Cari ilin 8 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 1,6 milyon manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 112,9 min manat və ya 7,2 faiz çoxdur.

Nəşr edilib : 23.09.2026 10:00