NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda darıxdığım Türkiyə

...

Naxçıvan Cənubi Qafqazın sevilən şəhərlərindən biridir. Hərbi, iqtisadi və diplomatik sahələrdə müşahidə olunan tarazlıq nəzərəçarpacaq dərəcədədir. Azərbaycan xalqı Türkiyəyə bağlıdır və böyük maraq göstərir. İki ölkə arasındakı əlaqələr təkcə hərbi və iqtisadi sahələrdə deyil, eyni zamanda mədəni sahədə də inkişaf edib.

Keçən həftə dörd gün ərzində Naxçıvanda oldum. Binaların memarlıq üslubu, şəhərin yaşıllığı, bağlı-bağatlı evlər, universitet və inzibati binaların sadə, lakin möhtəşəm görünüşü məni dərindən təsirləndirdi. Sanki İran, Avropa və Anadolu burada birləşir...

Lakin əsl diqqətimi çəkən başqa bir məqam var idi: kənd­lərdə belə musiqi məktəblərinin mövcud olması və Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik simfonik orkestrə sahib olması. Qürur duydum, heyran qaldım və istər-istəməz öz-özümə sual verdim: “Atatürkün musiqi inqilabı apardığı ölkəmizdə bunlar niyə yoxdur?” Konfranslar, orada görüşlərdə verilən suallar və göstərilən maraq məni valeh etdi. Rektor Elbrus İsayev və Azərbaycanın ombudsmanı, dəyərli hüquqşünas Səbinə Əliyevanın dəvəti ilə reallaşan bu səfər ürəyimi fərəhləndirdi.

İki ölkə arasında mədəni əlaqələr mövcuddur

Naxçıvan mətbəxi, sənəti və mədəniyyəti ilə tamamilə fərqli bir ruh daşıyır. Qafqaz Azərbaycan ruhu ilə formalaşır. Heydər Əliyevin də dediyi kimi: “Bir millət, iki dövlət”. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli məni qəbul etdi. Bütün həmvətənləri kimi dərin biliklərə sahib qabiliyyətə malikdir. İstanbul türkcəsində danışır. Avropa dillərini də bilir. Təəssüf ki, ana dilimiz olan türk dilinin bu xüsusiyyətini ölkəmizdəki gənclər səhv tələffüzlə   pozurlar. Yəni artıq türk dilini gözəl danışanları dinləmək üçün Azərbaycana gedəcəyik. Azərbaycan xalqı Türkiyəyə böyük maraq və bağlılıq göstərir; mətbuatımız izlənilir, tərcümələr aparılır, universitet gəncliyi türk mədəniyyətinə ürəkdən bağlıdır. İki ölkə arasındakı əlaqələrin ən güclü tərəfi yalnız hərbi və iqtisadi sahələr deyil, eyni zamanda mədəni sahədir. Bu da tarixi irsin təbii nəticəsidir.

Bu gün Azərbaycan Qafqazda əsas həlledici amildir. Xarici siyasətdə atdığı addımlar uğurludur. Bizim mənsub olduğumuz birlik aydındır. Azərbaycan bu sahədə öndədir. Xarici siyasətdəki ustalıq idarəetmədə vəziyyətə sirayət edib. Fuad Nəcəfli ilə bu məsələləri dərindən müzakirə etdik. Azərbaycan Ermənistanla sülh prosesində irəliləyib və Türkiyəni də eyni sülhpərvər yanaşmanın bir hissəsi olmağa dəvət edir.

Kənd yerlərindəki problemlər həllini tapıb

Məmnuniyyətlə müşahidə etdiyim digər bir məsələ Türkiyənin Təhsil Nazirliyi ilə təhsil sahəsində aparılan əməkdaşlıqdır. Bu, uzun illər davam edən bir prosesdir. Universitetlərimizdə azərbaycanlı tələbələr, Azərbaycanda isə Türkiyədən olan tələbələr təhsil alır. Konservatoriyada musiqişünaslıq, mühəndislik, ədəbiyyat, tarix ixtisaslarında, müxtəlif sahələrdə gənclərimiz qarşılıqlı şəkildə təhsil alırlar.

Naxçıvanın havası və suyu gözəldir. Kənd yerlərindəki problemlər əvvəlki ilə müqayisədə xeyli düzəlmişdir. Yol infrastrukturu inkişaf edir. Ən önəmlisi isə Trampın qətiyyətlə dəstək verdiyi Zəngəzur  dəhlizidir. 40 kilometrlik yolun tikintisinə hər iki tərəfdən başlanmışdır; birləşmə üçün təməl qoyan Azərbaycan 40 kilometrlik yolu da inşa edəcək. Amerikanın müdaxiləsi Ermənistan ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirəcək və Türkiyə ilə inteqrasiyanı təmin edəcək. Bu layihənin gecikdirilməsinin əhəmiyyətsiz olacağı     aydındır.

Naxçıvanla Türkiyə arasında dərin tarixi əlaqələr mövcud olub. Xüsusilə 15-ci əsrdən 20-ci əsrin ortalarına qədər davam edən yaxınlıq diqqətəlayiqdir. Bu xüsusiyyəti həmişə nəzərə almaq vacibdir. Naxçıvan Dövlət Universiteti həmişə yaddaşımda nümunəvi universitetlər sırasında qalacaqdır.

İlber ORTAYLI

tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı

Nəşr edilib : 06.10.2025 11:06