NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvanda cəzaçəkmə müəssisəsində məhkumlarla görüş olub

...

8 Noyabr –Zəfər Günü ərəfəsində  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlarla görüşüb.
Görüşdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Penitensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov 8 Noyabr– Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edərək bayram münasibətilə nazirliyin rəhbərliyinin təbriklərini çatdırıb, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticələrindən söz açıb. Bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Dövlət başçısı cənab İlham Əliyevin ölkə həyatının müxtəlif sahələrində, o cümlədən cəzaçəkmə müəssisələrində apardığı uğurlu siyasətinin insan və vətəndaşların layiqli həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini və bunun bariz nümunəsini cəzaçəkmə müəssisəsində gördüklərini deyib.
Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  çəzaçəkmə müəssisəsinin kitabxanasına hədiyyə edilən Azərbaycan və dünya klassiklərinin əsərləri, eləcə də Naxçıvan Muxtar Respublikasının tarixinə həsr olunan 21 adda 110 kitab məhkumların istifadəsi üçün təqdim edilib.
Hər bir insanın həyatında fitri məna və hədəf axtarışının olmasından, bu mənanı tapmaqda kitabların rolundan bəhs edən Məhkəmə Ekspertizası Mərkəzinin psixoloq-ekspertləri Valeh Fərəcov və Fariz Səyyadov qeyd ediblər ki, məhkumlar həyatlarındakı informasiya boşluğunu mütaliə vasitəsilə doldura bilərlər. Mütaliənin insan həyatına əvəzsiz təsiri olduğunu bildirən natiqlər cəzaçəkmə müəssisələrində mütaliə təbliğatının aparılmasının sevindirici hal olduğunu qeyd ediblər.
Görüşün yekununda  mərkəzin psixoloq- ekspertləri tərəfindən cəzaçəkən şəxslərə hüquqi və psixoloji xidmət göstərilib.

Nəşr edilib : 06.11.2024 14:35