NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvanda bir məktəbin 2 müəllim ailəsindən yüksək nəticə

...

2 may tarixdən etibarən Naxçıvanda müəllimlər üçün sertifikatlaşdırmanın ikinci dövriyyəsi üzrə imtahanlara start verilib. İmtahanların ixtisaslara uyğun olaraq 11 may tarixdə yekunlaşmasına baxmayaraq, muxtar respublikanın bəzi məktəbləri imtahanlarda yüksək nəticə əldə edərək uğura imza atıblar.
Bu uğurlu təhsil ocaqları sırasında Babək rayonu, Nehrəm qəsəbəsi 2 nömrəli tam orta məktəbin müəllimləri də var. Maraqlı məqamlardan biri isə məktəbin yüksək nəticə göstərmiş müəllimləri sırasında illərdir, evli olan və imtahanlara birlikdə hazırlaşan cütlüklərin olmasıdır. Məktəbin direktoru, eyni zamanda biologiya müəllimi olan Əşrəf Abdullayev 58 bal, riyaziyyat müəllimi olan həyat yoldaşı Lətafət Abdullayeva isə 60 bal toplayıb. Həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Tusi Həsənli 59 bal, həyat yoldaşı Pərvin Həsənli isə 57 bal toplayaraq uğurlu bir nəticəyə imza atıblar.
Uğur qazanan müəllimlər öz uğur hekayələrini “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
22 illik pedaqoji staja malik olan məktəbin direktoru və biologiya müəllimi Əşrəf Abdullayev ailədə iki müəllimin imtahana birlikdə hazırlaşmasının çox əlverişli olduğunu vurğulayıb. Çətinlik çəkdikləri suallarda bir-birlərinə mütəmadi müraciət etdiklərini bildirən Abdullayev, həyat yoldaşı Lətafət xanımın, eyni zamanda repetitorluqla məşğul olduğunu və müxtəlif vəsaitlərin mövcudluğu sayəsində hazırlıq prosesinə böyük dəstək verdiyini qeyd edib. “Xüsusilə kurikulum fənnindən hazırlaşarkən bir gündə 100-dən çox test həll edir və problemli mövzuları müzakirə edirdik. Kurikulum elə bir mövzudur ki, burada müəllimin yanaşma tərzi çox vacibdir. Bəzi suallara konkret cavab tapmaq vaxt tələb edir. İmtahan zamanı 50 ixtisas sualından 49-na, 10 kurikulum sualından isə 9-na düzgün cavab verdim. Suallar asan idi, təhsil materialları çərçivəsindən kənara çıxarılmamış və tərtibatı çox yaxşı idi”, – deyə Əşrəf Abdullayev bildirib.
20 illik pedaqoji təcrübəyə malik riyaziyyat müəllimi Lətafət Abdullayeva isə ixtisası üzrə fənnə az hazırlaşdığını, əsas diqqətini kurikuluma yönəltdiyini vurğulayıb. “Əvvəlki imtahanda 55, bu dəfə isə 60 bal toplamışam. Düzü, bu dəfə sonuncu sualdan ehtiyat edirdim. Elə bilirdim ki, səhv çıxacaq. Lakin cavabı görəndə çox sevindim. Pedaqogikaya aid suallar çox düşündürücü və dolayı idi. Buna baxmayaraq, suallar yaxşı hazırlanmışdı”, – deyə Lətafət Abdullayeva qeyd edib.
Məktəbin digər uğurlu ailəsi Azərbaycan dili və ədəbiyyat müəllimləri Tusi Həsənli və Pərvin Həsənlidir. 15 illik pedaqoji staja malik Tusi Həsənli ixtisası üzrə 50 suala, kurikulum üzrə isə 9 suala düzgün cavab verib. Bir evdə iki müəllimin olmasının üstünlüklərindən danışan Tusi müəllim deyir: “Bir evdə iki ixtisas müəlliminin olması bizim üçün böyük avantaj idi. Ədəbiyyat fənnindən əsərlərin müzakirəsini, Azərbaycan dilindən isə qrammatik qaydaları təkrarlayırdıq. Bu da bizə əlavə motivasiya verirdi”.
11 illik pedaqoji təcrübəyə malik Pərvin Həsənli sertifikasiya imtahanında 57 bal toplayıb. İmtahan zamanı ixtisas fənni üzrə 50 suala, kurikulum üzrə isə 7 suala düzgün cavab verib. “Tusi müəllim mənim ən böyük dəstəkçimdir. Biz təkcə eyni ixtisas müəllimləri deyil, həm də qrup yoldaşları olmuşuq. Buna görə ona təşəkkürümü bildirirəm”, – deyə Pərvin Həsənli vurğulayıb.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 04.05.2026 16:05