NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda baramaçılıq və ipəkçiliyə həsr olunan konfrans keçirilib

...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda 35 ildən sonra bərpa edilən baramaçılıq: nəticələr və növbəti mövsümə hazırlıq” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin sərgi salonunda baramaçılıq və ipəkçiliklə bağlı hazırlanan sərgiylə tanış olublar.
Konfransda əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. 

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova muxtar respublikada baramaçılığın tarixi ənənələrinin bərpası istiqamətində həyata keçirilən işlərdən söhbət açıb. Nazir müavini bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ənənəvi məşğuliyyət növü olan baramaçılıq və ipəkçiliyin bərpa edilməsi əsas prioritetlərdən biri olaraq müəyyənləşdirilib. Sahənin yenidən bərpası, o cümlədən əhalinin məşğulluğunun artırılması məqsədilə 2023-cü ilin əvvəllərindən başlayaraq təhlillər aparılıb, pilot layihə hazırlanıb. Aparılan təhlillərin nəticəsində yem bazasında çatışmazlıqlar müəyyən olunub, yeni tut bağlarının salınmasına başlanılıb. İlkin olaraq Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə Ordubad rayonunun Əylis kəndində 1,2 hektar ərazidə Türkiyədən gətirilmiş 600 ədəd tut tingindən ibarət “Türkiyə-Azərbaycan İpək Bağı” salınıb. Bununla yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 20 min, o cümlədən Dövlət Proqramına uyğun olaraq alınan 18 min 381 tut tinginin əkini aparılıb. 

Vurğulanıb ki, əlavə olaraq ilkin kümçülər müəyyənləşdirilib, uzun illər ipəkqurdlarının bəslənməsi vərdişlərindən uzaq düşmüş əhalinin bilik və bacarıqlarının artırılması məqsədilə respublikanın digər bölgələrindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib, kümxanalar hazırlanıb, o cümlədən Çin Xalq Respublikasından 30 qutu ipəkqurdu toxumu gətirilib. Gətirilən toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub, əldə olunan ipəkqurdları kümçülərə əvəzi ödənilmədən paylanılıb.  Məhsuldarlığa gəlincə ən yüksək nəticə Ordubad rayonu üzrə qeydə alınıb. Belə ki, rayonda  1 qutudan 100 kiloqram yaş barama əldə edilib. Əldə olunmuş barama Bərdə rayonunda yerləşən baramaqurutma məntəqəsinə təhvil verilib. Ümumilikdə, muxtar respublika üzrə əldə olunan məhsul isə 1,1 ton təşkil edib.

Naxçıvan Muxtar Resbublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir   vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə dövlətimizin həyata keçirdiyi sosial siyasətdən və məşğulluq tədbirlərindən danışıb. Qeyd edib ki, 2024-cü ilin cari dövründə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Özünüməşğulluq proqramına müraciət etmiş  vətəndaşlardan 997 nəfər aktivlərlə təmin edilib.  Bunlardan 756-sı kənd təsərrüfatı, 241-i isə istehsal-xidmət  sahəsi üzrə olub. Kənd təsərrüfatı sahəsinə dair 756 nəfərdən 500-ü maldarlıq təsərrüfatı, 213-ü qoyunçuluq təsərrüfatı, 43-ü isə arıçılıq təsərrüfatı sahələri üzrə aktivlərlə təmin olunub. 
Vurğulanıb ki, "2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən prioritet sahələrdən biri də muxtar respublikada baramaçılıq və ipəkçilik ənənələrinin yenidən inkişaf etdirilməsidir. İllər əvvəl Naxçıvanda ipəkçilik  kənd təsərrüfatında əhalinin əsas məşğuliyyət sahələrindən biri olub ki,  bölgədə də ipəkçiliyin mərkəzi Ordubad sayılıb. Məhz Dövlət Proqramının Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda rayonda yenidən bu sahəyə diqqətin artırılması, bir zamanlar dünyada məşhur olan Ordubad ipəyinin istehsalının həyata keçirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir. Dövlət Proqramında ipəkçiliyin dayanıqlı əsaslarla inkişafını sürətləndirmək, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal olunan məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqla bağlı məsələlər qarşıya mühüm vəzifələr kimi qoyulub. Bu məqsədlərə nail olmaq üçün mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili, ipək məhsulları ixracının dəstəklənməsi və təşviqinin zəruriliyinə önəm verilib.

Konfransda Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov rayonda baramaçılığın inkişafı məqsədilə görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, baramaçılıqda əsas məsələlərdən biri yem bazasının təmin olunmasıdır. Bu məqsədlə gələcəkdə yeni tut bağlarının salınması diqqətdə saxlanılır.
Həsən Əliyev adına  Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nadir Quliyev baramaçılıq və ipəkçilik sahəsindəki təcrübəsini bölüşüb. 35 ildən sonra bir qutudan 100 kiloqram barama əldə edərək muxtar respublika üzrə ən yüksək nəticə göstərən Ordubad rayon Sabirkənd kənd sakini Zəminə Rüstəmova yaradılan şəraitə görə minnətdarlıq edib, növbəti ildə daha çox məhsul istehsal etmək üçün səylə çalışacağını bildirib. Gənc tədqiqatçı Leyla Cəfərova baramaçılığın gəlirli olduğunu vurğulayıb, gələcəkdə bu sahə üzrə yeni tədqiqatlar aparacağını diqqətə çatdırıb.

Sonda Naxçıvanda baramaçılığın inkişafına həsr edilmiş yeni albom-kataloqun elektron təqdimatı olub, bu sahənin dirçəldilməsi üçün xüsusi xidmət göstərən bir qrup şəxs mükafatlandırılıb.

Nəşr edilib : 24.09.2024 15:06